Dövlət əmlakının icarə haqlarının ödənilməsi elektronlaşıb

Dövlət əmlakının icarə haqlarının ödənilməsi elektronlaşıb
# 27 aprel 2016 10:25 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakını icarəyə götürən şəxslər tərəfindən icarə haqqı borclarının ödənilməsində yenilik edib və ödəmə imkanlarını daha da genişləndirib.


Komitədən “APA-Economics”ə verilən məlumata görə, əvvəllər yalnız bank və internet üzərindən ödənilməsi mümkün olan icarə haqlarını artıq icarəçilər respublikanın istənilən nöqtəsində olan ödəmə məntəqəsində (paypoint) ödəyə biləcəklər. Bu yenilik komitənin mövcud informasiya sisteminin Mərkəzi Bank tərəfindən yaradılmış “Hökumət Ödəniş Portalına” inteqrasiyası nəticəsində tətbiq edilib.

Dövlət əmlakının icarəçisi istənilən ödəmə məntəqəsinə yaxınlaşmaqla icarə haqqı borcu barədə məlumatı əldə edə və müvafiq ödənişi həyata keçirə bilərlər. Bu bank və ya kompüter-internet imkanlarının olmadığı yerlərdə xüsusilə əlverişlidir. Bununla yanaşı, icarəçi borcu ödəmək üçün banka müraciət etmək və ya plastik kart vasitəsilə internet üzərindən ödənişi həyata keçirmək imkanına da malikdir.

Beləliklə, hazırda dövlət əmlakının icarəsi üzrə aylıq ödənişlərin həm komitənin elektron xidmətlər portalından (www.e-emdk.gov.az), həm “Hökumət Ödəniş Portalı”ndan (www.e-gov.az), həm də müxtəlif ödəmə məntəqələrindən ödənilməsi mümkündür. Komitənin elektron xidmətləri siyahısında icarə haqqı borcunun ödənilməsi xidməti seçilir, icarə müqaviləsinin kodu daxil edilir. Bundan sonra icarə borcu barədə bütün məlumatlar ekranda əks olunur və borcun ödənişi elektron qaydada həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR