İsveçrədə Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir

İsveçrədə Xocalı faciəsi ilə bağlı silsilə tədbirlər keçirilir
# 25 fevral 2016 09:59 (UTC +04:00)

Bakı – APA. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə silsilə tədbirlərə start verilib.

Səfirlikdən APA-ya verilən məlumata görə, fevral 22-də Bern şəhərində yerləşən Beynəlxalq Məktəbdə təhsil alan şagirdlərimiz müəllim və şagird heyəti üçün “Dağlardan gələn göz yaşı” adlı təqdimat keçiriblər.

Təqdimat zamanı iştirakçılara Dağlıq Qarabağ münaqişəsi, Xocalı şəhərində 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə dinc əhaliyə qarşı törədilmiş vəhşilik barədə şəkillər və məqalələr vasitəsilə geniş məlumat verilib.

Bern şəhərinin dəmiryol vağzalının platformalarında və şəhərin izdihamlı yerlərində Azərbaycanın İsveçrədəki səfirliyinin təşəbbüsü ilə Xocalı soyqırımı barədə alman dilində böyük məlumatlandırma plakatları yerləşdirilib. Həmin plakatlarda bunlar yazılıb: “Bütün dünya Azərbaycanla birlikdə dərin hüznlə Xocalı qətliamının qurbanlarını yad edir. 26 fevral 1992-ci il. 613 nəfər mülki şəxs, o cümlədən 106 qadın, 70 qoca və 63 uşaq qətl edilib. www.justiceforkhojaly.org”.

Bu plakatlar 28 fevral tarixinədək nümayiş etdiriləcək.

Fevralın 25-də isə Azərbaycanlıların İsveçrədəki Mədəniyyət Mərkəzi Bern şəhərindəki Polit-Forum des Bundes salonunda Xocalı soyqırımına həsr olunmuş tədbir təşkil edəcək. Tədbir zamanı Xocalı soyqırımına həsr olunmuş təqdimat və film nümayiş etdiriləcək, əyani vasitələr paylanacaq. Tədbirdə həmçinin “Xocalı faciəsi uşaqların gözü ilə” rəsm sərgisi keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR