DİN bəzi KİV-də yayılan videogörüntüyə münasibət bildirib

DİN bəzi KİV-də yayılan videogörüntüyə münasibət bildirib
# 15 fevral 2016 15:58 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində polislə vətəndaş arasında qarşıdurmanı əks etdirən videogörüntünün yayılmasına münasibət bildirib.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavab olaraq bildirib ki, fevralın 12-də paytaxtın Fəvvarələr meydanında bir nəfər ictimai qaydanı kobud şəkildə pozduğu üçün ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən intizama dəvət edilib: “Lakin həmin şəxs buna məhəl qoymayaraq öz hüquqazidd hərəkətlərini davam etdirib və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmayıb, hətta müqavimət göstərib. O, saxlanılaraq aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinə gətirilib”.

O. Mansurzadə qeyd edib ki, bölmədə aparılan araşdırma nəticəsində həmin şəxsin kimliyi müəyyən olunub: “Bakı şəhərində yaşayan Eldəniz Eyvazov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən Eldəniz Eyvazov barəsində 10 sutka inzibati həbs qərarı çıxarılıb”.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-də polislə vətəndaş arasında qarşıdurmanı özündə əks etdirən video-görüntü yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR