Nazir müavini və həyat yoldaşının xəsarət aldığı yol qəzasını törədən sürücünün şikayətinə baxılıb

Nazir müavini və həyat yoldaşının xəsarət aldığı yol qəzasını törədən sürücünün şikayətinə baxılıb
# 19 yanvar 2016 11:43 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Tural Rəhimovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, məhkəmə onun şikayətini təmin etməyib.

Qeyd edək ki, 2014-cü il mayın 10-da Bakının Nizami rayonu, Heydər Əliyev prospektində Tural Rəhimovun idarə etdiyi “VAZ-2107” markalı avtomobil Hava Limanı şossesi istiqamətində hərəkətdə olarkən qəflətən geriyə dönüş edib və Heydər Əliyev prospekti ilə əks istiqamətdə hərəkət etməyə başlayıb. Bu vaxt “Jiquli” qarşıdan gələn, 53 yaşlı Firdovsi Əliyevin idarə etdiyi “Lexus” markalı avtomobillə toqquşub. Hadisə nəticəsində “VAZ-2107” markalı avtomobildə olan iki sərnişin dünyasını dəyişib, avtomobilin sürücüsü Tural Rəhimov, eləcə də “Lexus”un sürücüsü Firdovsi Əliyev və onun həyat yoldaşı Arifə Əliyeva ağır bədən xəsarətləri alıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Rəhimov 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Xatırladaq ki, Firdovsi Əliyev ekologiya və təbii sərvətlər nazirinin birinci müavinidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR