İCAPP: Seçkinin nəticələrinə mənfi təsir edəcək hər hansı insidentlə rastlaşmamışıq

İCAPP: Seçkinin nəticələrinə mənfi təsir edəcək hər hansı insidentlə rastlaşmamışıq
# 02 noyabr 2015 12:47 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Ümumi seçki mühiti sakit və intizamlı idi. Missiya seçkinin demokratik nəticələrinə mənfi təsir edəcək hər hansı insidentlə rastlaşmayıb.”

APA-nın xəbərinə görə, bu barədə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Azərbaycanda noyabrın 1-də keçirilən parlament seçkiləri ilə əlaqədar bəyanatında deyilir.

Bəyanatda bildirilir ki, seçki günü İCAPP missiyası 4 qrupa bölünüb və hər qrup müvafiq olaraq bütün gün seçki məntəqələrində müşahidələr aparıb: "Səsvermə prosesini izləmək və təsadüfi seçilmiş seçicilər, müxtəlif namizədləri təmsil edən müşahidəçilər, habelə xarici müşahidəçilərlə müzakirələr aparmaq imkanımız oldu. Həmçinin, bir neçə seçki məntəqələrində səslərin sayılması prosesini də müşahidə edə bildik”.

Sənəddə qeyd olunur ki, online veb-kameraların quraşdırılması seçki prosesinin daha şəffaf keçirilməsinə imkan yaradıb: “Missiya ümid edir ki, builki parlament seçkilərinin nəticələri Azərbaycanda daha yetkin demokratiyanın əsaslarını möhkəmləndirəcək. İnanırıq ki, dünən Azərbaycan xalqı tərəfindən verilən qərarlar onların gələcəyi üçün ən düzgün olandır”.

Qeyd edək ki, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsi Azərbaycan Mərkəzi Seçki Komissiyasının dəvəti ilə 1 noyabr seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərib. Missiyanın tərkibinə Banqladeş, Kamboca, Hindistan, Koreya Respublikası, Pakistan və Filippindən olan nümayəndələr daxil olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR