Qazaxıstanın xarici işlər naziri: “Krım məsələsi həll olunanadək vətəndaşlarımız istirahətlərini başqa ölkələrdə keçirsinlər”

Qazaxıstanın xarici işlər naziri: “Krım məsələsi həll olunanadək vətəndaşlarımız istirahətlərini başqa ölkələrdə keçirsinlər”
# 22 aprel 2016 15:29 (UTC +04:00)

Astana. Cavid İsmayıl - APA. Qazaxıstanın xarici işlər naziri Yersan İdrisov ölkənin Krımda dincəlmək istəyən vətəndaşlarına bəzi tövsiyələr verib.

APA-nın xəbərinə görə, Astanada keçirilən XIII Avrasiya Media Forumunda çıxış edən Y. İdrisov bildirib ki, Krım beynəlxalq hüququn çox mürəkkəb məsələlərindən biridir: “Qazaxıstan hesab edir ki, bu problem beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmalıdır”.

Nazir təəssüflə qeyd edib ki, Qazaxıstan ona dost və qardaş olan iki ölkənin Krımla bağlı informasiya müharibəsinin meydanına çevrilib. Onun sözlərinə görə, həm Ukrayna, həm də Rusiyanın müvafiq qurumları xarici ölkələrin, o cümlədən Qazaxıstanın vətəndaşlarının Krıma öz ərazisindən daxil olmasını istəyir: “Bu isə Krımda dincəlmək istəyən Qazaxıstan vətəndaşlarını çətin vəziyyətdə qoyur. Krıma hansı ölkənin ərazisindən daxil olmaqla bağlı heç kimə konkret tövsiyə verə bilmərəm. Yaxşı olar ki, Krımla bağlı mübahisə həll olunana qədər Qazaxıstan vətəndaşları istirahətlərini başqa ölkələrdə keçirsinlər. Krımda dincəlmək mütləqdirsə, bu məsələni hər kəs sayıqlıq və şəxsi maraqlar əsasında həll edə bilər”.

Qeyd edək ki, Azərbaycanı XIII Avrasiya Media Forumunda JTI şirkətinin dəstəyi ilə “musavat.com” saytının baş redaktoru Xalid Kazımlı və APA TV-nin xəbər müdiri Cavid İsmayıl təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR