İmişli sakininin evi qəsdən yandırılıb  

İmişli sakininin evi qəsdən yandırılıb  
# 13 oktyabr 2014 07:01 (UTC +04:00)

İmişli. Əlibəy Zeynallı - APA. İmişli rayonunda fərdi yaşayış evində baş verən yanğın hadisəsinin qəsdən törədildiyi məlum olub.

İmişli Rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə oktyabrın 11-də saat 18.00 radələrində rayonun Bəhrəmtəpə qəsəbəsində baş verib.

Rahilə Bəhlul qızı Abbasovaya məxsus mənzildə baş verən yanğın nəticəsində ümumi sahəsi 135 kvadratmetr olan 4 otaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov məhdudlaşdırılıb, ətrafdakı ev və tikililər yanğından mühafizə olunub.

Yanğın baş verən anda evdə heç kim olmayıb. Evlərinin yandığından xəbər tutan ev sahibləri yanğın hadisəsinin qəsdən törədildiyini bildiriblər.

Faktla bağlı İmişli rayon Polis Şöbəsinə müraciət edilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin İmişli rayon Qaragüvəndikli kənd sakini Tağıyev Elşən Böyükkişi oğlu tərəfindən törədildiyi aşkar edilib. Həmin şəxs şübhəli şəxs qismində saxlanılıb.

Elşən Tağıyev yanğının onun tərəfindən törədildiyini etiraf edib və hadisəni məqsədli şəkildə törətdiyini bildirib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR