İstilik effekti yaradan qazların mənbələrinin inventarlaşdırılmasına başlanılıb

İstilik effekti yaradan qazların mənbələrinin inventarlaşdırılmasına başlanılıb
# 01 avqust 2008 12:43 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) struktur bölmələrində və Hasilatın Pay Bölgüsü Sazişi üzrə Əməliyyat Şirkətlərinin obyektlərində istilik effekti yaradan qazların mənbələrinin inventarlaşdırılması prosesinə başlanılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in Ekologiya İdarəsindən məlumat verilib. Artıq «28 May» və «Neft Daşları» Neft-Qaz Çıxarma idarələrinin yataqlarında Təmiz İnkişaf Mexanizmi çərçivəsində layihələr hazırlanaraq inkişaf etmiş ölkələrin maraqlı tərəflərinə təqdim edilib. Bu iki layihənin məqsədi neft-qaz çıxarma zamanı istilik effekti yaradan qazların atmosferə atılmasının qarşısını almaqdan ibarətdir. Hazırda ARDNŞ-in digər müəssisələrində istilik effekti yaradan qazların inventarlaşdırılmasına aid işlər davam etdirilir.
Qeyd edək ki, iqlim dəyişmələrinin qarşısının alınması məqsədilə 1992-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası imzalanıb. Konvensiyaya görə, istilik effekti yaradan qazların atmosferdəki konsentrasiyası elə həddə olmalıdır ki, iqlim dəyişiklikləri baş verməsin. Bu məqsədə nail olmaq üçün 1997-ci ildə Yaponiyanın Kioto şəhərində məşhur Kioto protokolu imzalanıb. Azərbaycan Milli Məclisi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını 1995-ci il, Kioto Protokolunu isə 2000-ci ildə ratifikasiya edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR