Pekin Olimpiadasında Azərbaycan idmançıları yeni rekord müəyyənləşdiriblər

Pekin Olimpiadasında Azərbaycan idmançıları yeni rekord müəyyənləşdiriblər
# 21 avqust 2008 14:01 (UTC +04:00)
Hazırda ölkəmizin aktivində 1 qızıl, 2 gümüş, 3 bürünc medal var. Əvvəlki Olimpiadalara gəldikdə, idmançılarımız 1996-cı ildə Atlantada 1 (gümüş), 2000-ci ildə Sidneydə 3 (2 qızıl, 1 gümüş), 2004-cü ildə Afinada isə 5 medala (1 qızıl, 4 bürünc) yiyələniblər. Amma Azərbaycanın aktivində 6 medalın olduğu yalnız ölkələrin ümumi medal sıralamasında göstərilir. Halbuki artıq boksçumuz Şahin İmranov (57 kq) da yarımfinala vəsiqə qazanmaqla, ən azı bürünc medalı təmin edib. Lakin medal əyarı baxımından, ölkəmizin göstəricisi heç də rekord həddə deyil. Belə ki, nə Atlanta, nə Afina, nə də hələlik Pekin Olimpiadasında Sidneydəki qədər (2 qızıl) medal qazanılıb. Bu göstəricidə də rekorda nail olmaq üçün qarşıdakı 3 gün ərzində qüvvəsini sınayacaq idmançılarımız bir qızıl medala yiyələnməlidirlər. Konkret olaraq, sabah taekvondoçumuz Rəşad Əhmədov (80 kq), eləcə də bədii gimnastika üzrə fərdi birincilikdə yarışacaq Aliya Qarayeva ilə Dinarə Gimatova ən yüksək əyarlı medal əldə edə bilərlər. Ş. İmranov isə sabah yarımfinal mərhələsini dəf edəcəyi halda, avqustun 23-də keçiriləcək finalda qalib gəlməklə, qızıl medal qazanacaq. Həmin gün A. Qarayeva ilə D. Gimatova da ən yüksək əyarlı medal uğrunda mübarizəyə qatıla bilərlər. Amma bundan ötrü hər iki gimnastımız ilk növbədə, bu gün və sabah keçiriləcək seçmə mərhələni ilk «10-luq»da başa vurmalıdırlar. Qrup hərəkətləri üzrə yığmamız isə seçmə mərhələdə ilk «8-liy»ə düşəcəyi halda, Olimpiadanın sonuncu günü – avqustun 24-də qızıl medal uğrunda yarışa bilər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR