Almaniya mətbuatı Serj Sarkisyanın çıxışına etiraz edib

Almaniya mətbuatı Serj Sarkisyanın çıxışına etiraz edib
# 11 aprel 2016 15:42 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Ermənistan prezidenti Serj Sarkisyanın Almaniyaya səfəri zamanı “erməni xalqının döyüş ruhu Azərbaycanın müasir silahlarından üstündür” açıqlaması Almaniya mətbuatı tərəfindən kəskin tənqid olunub.

APA-nın məlumatına görə, Almaniyada birinci ictimai televiziya olan ARD-nın “Tagesschau.de” xəbər portalında dərc edilmiş “Müharibə qəhrəmanı üçün böyük səhnə” adlı məqalədə Ermənistan prezidentinin bəyanatı “Federal Kansler Administrasiyasında indiyədək görünməmiş çıxış” və “müharibə təbliğatı” kimi təqdim edilib.

Almaniyanın “Frankfurten Allgemeine Zeitung” qəzetində isə “Müharibə ilə sınanmış” başlıqlı məqalə dərc olunub. Səfər öncəsi yazılan məqalədə bildirilib ki, S. Sarkisyan Berlində yenə də cəbhə xəttində yaranmış gərginliklə əlaqədar Azərbaycanın məsuliyyət daşıması ilə bağlı mövqeyini ortaya qoyacaq: “Halbuki beynəlxalq birlik hər zaman Dağlıq Qarabağ və digər Azərbaycan bölgələrinin davamlı işğalını tənqid edir”.

Məqalədə Ermənistanın üzləşdiyi problemlərdən də söz açılır: “Təcrid olunmuş, üç milyon əhalisi olan kiçik ölkədə vətəndaşların 1/3 hissəsi yoxsulluq həddində yaşayır. Siyasi elita rüşvətə bulaşıb, gənclər isə ölkəni tərk edir. Rusiyada olan iqtisadi böhran Ermənistana da öz təsirini göstərir. Belə ki, xaricdən pul köçürmələrinin miqdarı əhəmiyyətli dərəcədə azalıb. 2015-ci ilin yayında elektrik enerjisinin qiymətinin artmasına qarşı keçirilmiş etirazların qarşısı zorakılıqla alınıb. Serj Sarkisyan öz məqsədləri naminə keçən ilin dekabr ayında referendum yolu ilə konstitusiya islahatları həyata keçirib. Müşahidəçilərin məlumatına görə, referendum zamanı görünməmiş sayda qanun pozuntularına rast gəlinib. Tənqidçilərin fikrincə, Sarkisyan 2018-ci ildə yenidən prezident seçilə bilməyəcəyi üçün baş nazir kimi hakimiyyətdə qalmaq istəyir. Konstitusiyaya edilən dəyişiklikdən sonra Azərbaycanla müharibə olacağı halda o, silahlı qüvvələrin baş komandanı olacaq”.

Almaniyanın bir sıra mətbuat orqanlarında, o cümlədən əsas xəbər agentliyi olan DPA-da Azərbaycan diasporunun Sarkisyanın Almaniyaya səfərinə etiraz əlaməti olaraq keçirdiyi aksiya barədə məlumat verilir, aksiyada “Dağlıq Qarabağın işğalına son qoyun!” və “Dağlıq Qarabağ Azərbaycanındır!” kimi şüarların səsləndirildiyi qeyd edilir.

Almaniyanın “Tagesspiegel” qəzetində dərc edilmiş təhlil yazısında isə vurğulanır ki, Dağlıq Qarabağda son gərginlik münaqişənin atəşkəs yolu ilə dondurulmasının təhlükəli olduğunu açıq-aydın göstərib. Almaniya mətbuatı bu ölkənin xarici işlər naziri Frank Valter Ştaynmayerin S. Sarkisyanla görüşdə “status-kvo”nun saxlanılmasının təhlükəli olduğunu vurğulaması və davamlı sülhə çağırış etməsinə xüsusi diqqət ayırıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR