“Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimatı keçirilib

“Avrasiya Gündəliyi” beynəlxalq analitik informasiya portalının təqdimatı keçirilib
# 04 dekabr 2015 15:34 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun və Avrasiya Media Şəbəkəsinin təşkilatçılığı ilə “Avrasiya Gündəliyi” analitik informasiya portalının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, millət vəkilləri, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri və media rəhbərlərinin qatıldığı tədbirdə çıxış edən portalın baş redaktoru Malik Ayub Sumbal bildirib ki, bu gündən fəaliyyətə başlayan portal qlobal və regional münaqişələrin sülh yolu ilə həll edilməsi istiqamətində fikirlərin formalaşdırılması məqsədilə reallaşdırılıb: “Bizim məqsədimiz, dürüst və obyektiv məlumatların cəmiyyətə çatdırılmasıdır. Portalda ekspertlər tərəfindən regional münaqişələrin həlli istiqamətində məqalələr yer alıb. Komandanın 20 üzvü dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərirlər. Biz çalışırıq ki, millətlərarası münaqişələr azalsın və olmasın. Bu layihə vasitəsilə biz dünyadakı münaqişələrin sülh yolu ilə həllinə çalışacağıq”.

Avrasiya Media Şəbəkəsinin təsisçisi Umud Mirzəyev analitik informasiya portalının 5 dildə yayımlanacağını bildirib: “Portal İngilis, Rus, Ərəb, Türk və Azərbaycan dillərində yayımlanacaq. Portal Avrasiya məkanında baş verən proseslərin, münaqişələrin müzakirə müstəvisi olacaq. Əsas məqsədimiz insanların dinc və konfliktsiz şəraitdə yaşamasını təmin etməkdir. Məqsədimiz həm də işğala məruz qalan Azərbaycanın haqq səsini dünyaya çatdırmaq və Qarabağ münaqişəsinin həllinə töhfə verməkdir”.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər üzrə şöbəsinin əməkdaşı Bəhruz Həsənov deyib ki, bu gün Azərbaycanda elektron media daha çox üstünlük təşkil edir. Onun sözlərinə görə, dünya mediasında Azərbaycanla bağlı informasiyaların bəzən qərəzli və siyasi maraqlara xidmət etdiyini aydın görünür: “Bu baxımdan bu portalın fəaliyyəti təqdirəlayiqdir və ümid edirik ki, bu layihə vasitəsilə vahid informasiya məkanı yaranacaq və obyektivlik təmin olunacaq. Dünyanın müxtəlif ölkələrində yaşayan insanlar bu portal vasitəsilə düzgün məlumatlar əldə edəcəklər. Dünyanın qabaqcıl və inkişaf etmiş ölkələrində informasiyalar daha çox internet üzərindən yayılır ki, bu da qloballaşan dünyanın göstəricilərindən biridir. Əsas olan informasiyanın olduğu kimi və obyektiv verilməsidir. Azərbaycan medianın inkişafı sahəsində dünyada qabaqcıl yerlərdən birini tutur. Prezident İlham Əliyev söz və mətbuat azadlığına diqqəti daim önə çəkib və ölkədə bu dəyərlərin qorunmasını təmin edib. Azərbaycanın qlobal informasiya məkanına inteqrasiyası üçün “Avrasiya Gündəliyi” xəbər portalının əhəmiyyəti böyükdür”.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə çıxışında portalın fəaliyyətini yüksək qiymətləndirib: “Azərbaycana nüfuz gətirən beynəlxalq informasiya agentliklərin fəaliyyəti olduqca mühümüdür. Bu informasiya agentlikləri yaydıqları məlumatları ilə xaricdə Azərbaycan haqqında fikir formalaşmasına şərait yaradır. Bu baxımdan mən əminəm ki, “Avrasiya Gündəliyi” informasiya portalı da dünyada Azərbaycanın imicinin yüksəlməsinə xidmət edəcək”.

Mərakeş Krallığının Azərbaycandakı səfiri Həsən Hami və Pakistan səfiri Xalid Usman Qayser də jurnalist peşəsinin obyektiv və operativ olduğuna diqqət çəkərək, portalın fəaliyyətə başlamasını yüksək qiymətləndiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR