DBNX: İsmayıllıda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib

DBNX: İsmayıllıda aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib
# 09 sentyabr 2016 16:03 (UTC +04:00)

Bakı - APA. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar aparılan tədbirləri davam etdirir.

DBNX mətbuat katibi Yolçu Xanvəlinin APA-ya verdiyi məlumata görə, sentyabr ayının 4-də İsmayıllı Rayon Baytarlıq İdarəsinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınmış anonim məlumat əsasında birgə reyd keçirilib.

Reyd zamanı İsmayıllı şəhəri, Cavanşir küçəsi 47-də yaşayan, 1978-ci il təvəllüdlü Ziriyev Vüqar Təşkilat oğlu tərəfindən İsmayıllı rayonunun Qarabağ qəsəbəsi yaxınlığında yerləşən köhnə quşçuluq fermasında çəkisi 300 kq miqdarında olan kəsilmiş 3 baş at cəmdəyi aşkar edilib. Aşkarlanmış at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib. Aparılan müayinələrin nəticəsinə əsasən at cəmdəklərinin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi müəyyən edilib. At cəmdəklərinin zərərsizləşdirilməsinə qərar verilib. Qərara uyğun olaraq bu gün at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında İsmayıllı rayonu ərazisində olan məişət tullantıları poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, insan sağlamlığı və qida təhlükəsizliyi ilə əlaqədar müvafiq tədbirlər davam etdiriləcək: “Belə qanuna zidd fəaliyyətlə məşğul olan, baytarlıq-sanitariya qaydalarına riayət etməyən fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR