Azərbaycan prezidenti Cümhuriyyət bayramı münasibətilə Türkiyə rəhbərliyini təbrik edib

Azərbaycan prezidenti Cümhuriyyət bayramı münasibətilə Türkiyə rəhbərliyini təbrik edib
# 28 oktyabr 2015 15:52 (UTC +04:00)

“Azərbaycan və Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir”

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Cümhuriyyətinin qurulmasının növbəti ildönümü ilə əlaqədar bu ölkənin prezidentinə və baş nazirinə təbrik məktubları göndərib. APA-nın xəbərinə görə, prezident Rəcəb Tayyib Ərdoğana ünvanlanan məktubda deyilir:

“Hörmətli cənab prezident, əziz qardaşım. Qardaş Türkiyənin milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi, xoş arzularımı yetirirəm. Bu gün Türkiyə güclü iqtisadiyyata, demokratik prinsiplərə əsaslanan siyasi sistemə malik müasir ölkə kimi regionda və dünyada böyük nüfuz qazanıb. Biz Türkiyənin beynəlxalq aləmdə bütün uğurlarına sevinirik. Azərbaycan və Türkiyəni dərin tarixi, milli köklərdən bəhrələnən möhkəm dostluq və qardaşlıq münasibətləri birləşdirir. Bu təməllər üzərində qurulmuş dövlətlərarası münasibətlərimiz müttəfiqliyimizi və birliyimizi bariz şəkildə ifadə edir. Əminəm ki, siyasi, iqtisadi və mədəni sahələrdə genişmiqyaslı, səmərəli və fəal əməkdaşlığımız, beynəlxalq məsələlərdə qarşılıqlı maraq və mənafelərimizi üstün tutan ardıcıl mövqeyimiz bundan sonra da ölkələrimizin tərəqqisinə, xalqlarımızın rifahına xidmət edəcək. Belə bir xoş gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim sülh və firavanlıq diləyirəm”.

Baş nazir Əhməd Davudoğluna ünvanlanan məktubda isə bildirilir:

“Hörmətli cənab baş nazir. Qardaş Türkiyənin milli bayramı – Respublika günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm. Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı ortaq mənəvi dəyərləri bölüşən xalqlarımızın iradəsindən qaynaqlanır. Tarixin bütün sınaqlarından çıxmış birliyimiz və həmrəyliyimiz bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. İnanıram ki, ölkələrimiz arasındakı birlik və möhkəm tərəfdaşlıq münasibətləri qarşıya qoyduğumuz məqsədlərə çatmağımızda, irimiqyaslı iqtisadi layihələrin reallaşmasında, beynəlxalq mövqelərimizin möhkəmlənməsində mühüm rol oynayacaq. Sizə ən xoş arzularımı yetirir, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR