“Asan İmza” Özbəkistanda təqdim edilib

“Asan İmza” Özbəkistanda təqdim edilib
# 22 sentyabr 2016 10:59 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Özbəkistanın paytaxtı Daşkənd şəhərində “ICTWEEK Uzbekistan 2016” informasiya-kommunikasiya texnologiyaları həftəsi keçirilib.

ASAN Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, Özbək İKT həftəsi çərçivəsində baş tutan çoxsaylı tədbirlərdən biri olan İnternet Forumda “B.EST Solutions” şirkəti Azərbaycanın “Asan İmza” mobil elektron imza texnologiyasını təqdim edib. Şirkətin rəhbəri Yana Krimpe bildirib ki, innovativ cəhətlərinə və istifadədə rahatlığına görə, hazırda Azərbaycanda “Asan İmza” vasitəsilə təqdim edilən elektron xidmətlərin sayı yüzlərlə ölçülür və bu xidmətlərə daxil olmaq üçün sadəcə mobil telefonun və bütün mobil operatorlar üçün eyni olan Asan İmza SIM-kartının mövcudluğu kifayət edir. “Asan İmza” ilə mümkün olan e-xidmətlər sırasında elektron vergi və gömrük bəyan etmə xidmətləri, hüquqi şəxslərin onlayn qeydiyyatı, korporativ bank hesabının onlayn açılması, işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsinin onlayn qeydiyyatı, ali məktəblərə daxil olmanın onlayn qeydiyyatı, mobil imza texnologiyasının telefon çağrı mərkəzləri ilə inteqrasiyası, internet və mobil bankçılıq və s. kimi xidmətlər tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Tədbir çərçivəsində Özbəkistanda Azərbaycanın “Asan İmza” modeli əsasında mobil identitet və imza texnologiyasının tətbiqi sahəsində mümkün əməkdaşlıq məsələlərinin müzakirə edildiyi ikitərəfli görüşlər də keçirilib. Builki “ICTWEEK Uzbekistan” həftəsi Rusiya, Böyük Britaniya, ABŞ, Koreya, Belçika, Qazaxıstan, Azərbaycan, İsrail, Çin, İsveçrə və digər ölkələri təmsil edən sahibkarları, rəhbər şəxsləri və mütəxəssisləri bir araya gətirib. Ümumilikdə, tədbirin işinə sıralarında dövlət orqanlarının və İKT sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri, beynəlxalq ekspert və analitiklər, iri texnoloji şirkətlərin təmsilçiləri və digər vəzifəli şəxslərin olduğu 400-dən artıq iştirakçı qatılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR