Müdafiə Nazirliyi və Hərbi Prokurorluğunun nümayəndələri cəbhə zonasında yerləşən hərbi hissələrdə olublar

Müdafiə Nazirliyi və Hərbi Prokurorluğunun nümayəndələri cəbhə zonasında yerləşən hərbi hissələrdə olublar
# 19 mart 2016 09:06 (UTC +04:00)

Bakı – APA. Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun məsul əməkdaşları Novruz bayramı ərəfəsində cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olublar.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, onlar birlik, birləşmə və hərbi hissələrdə müxtəlif kateqoriyalardan olan hərbi qulluqçular, o cümlədən bilavasitə ön xətdə yerləşən hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçiriblər.

Görüşlərdə şəxsi heyətin vətənpərvərlik ruhunda tərbiyə olunması, hərbi intizamın və hüquq qaydalarının möhkəmləndirilməsi, ordu quruculuğuna mənfi təsir edə biləcək cinayət hadisələrinin təhlili və nəticələrindən asılı olaraq müvafiq tədbirlərin görülməsi, o cümlədən digər məsələlər barədə maarifləndirici söhbətlər aparılıb. Nazirliyin və prokurorluğun nümayəndələri hərbi hissələrdə xidməti və məişət şəraiti ilə də yaxından tanış olublar.

Bildirilib ki, belə tədbirlərin keçirilməsi nəticəsində ötən illərə nisbətən Silahlı Qüvvələrdə qeydə alınmış cinayətlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə hərbi kollektivlərdə dostluq, qardaşlıq mühitinin formalaşdırılmasının, qarşılıqlı sağlam və işgüzar münasibətlərin nizamnamələr çərçivəsində qurulmasının vacibliyi xüsusi vurğulanıb.

Yerli icra strukturları, ictimaiyyətin nümayəndələri, rayon fəalları, veteranlar və valideynlərin iştirakı ilə keçirilən tədbirlər şəxsi heyətə bayram sovqatlarının çatdırılması və konsert proqramları ilə yekunlaşıb.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR