Bülənt Karslıoğlu: “Ardıcıl 2 oyunda 0:3 hesabı ilə uduzmaq çox ağırdı”

Bülənt Karslıoğlu: “Ardıcıl 2 oyunda 0:3 hesabı ilə uduzmaq çox ağırdı”
# 28 sentyabr 2015 07:39 (UTC +04:00)

Bakı – APA. “Türkiyəyə 0:3 hesabı ilə uduzduqdan sonra çətin vəziyyətdə idik. Ardınca bu qarşılaşmada da ilk 2 setdə yaxşı təsir bağışlamayıb, uduzduq”. Apasport.az saytının məlumatına görə, bunu Avropa çempionatının qrup mərhələsinin II turunda Belçikaya 0:3 hesablı məğlubiyyətdən sonra qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi əvəzi Bülənt Karslıoğlu deyib.

Faiq Qarayevin səhhəti səbəbindən Antverpendə yığmamızı oyunlara çıxaran türkiyəli mütəxəssis rəqibin qələbəsində komandamızın səhvlərinin rol oynadığını açıqlayıb: “Belçika kimi güclü komandaya onun doğma azarkeşləri önündə qalib gəlmək istəyirsənsə, heç bir səhv etməməlisən. Təəssüf ki, biz həddən çox səhv etdik. Yalnız III hissədə Belçikaya çətinlik yaşada bildik. Ardıcıl 2 oyunda 0:3 hesabı ilə uduzmaq çox ağırdı”.

Karslıoğlu bildirib ki, bu gün Macarıstanla qarşılaşma millimiz üçün çox önəmlidi: “Bu matç bizim üçün həlledici xarakter daşıyır. Çünki Rio-de-Janeyroya Olimpiadasına lisenziya üçün təsnifat mərhələsinə qatılmaq fikrimiz var”.

Qeyd edək ki, Türkiyə və Belçikaya 0:3 hesabı ilə uduzan yığmamız Macarıstanla bu gün saat 20:00-da qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR