Azərbaycanda “Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında” qanun layihəsi hazırlanır

Azərbaycanda “Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında” qanun layihəsi  hazırlanır
# 04 aprel 2016 10:52 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycan Milli Məclisinin Əmək və sosial siyasət komitəsində işğal olunmuş rayonlardan olan məcbur köçkünlərin geri qayıtmasını nəzərdə tutan “Qaçqın və məcburi köçkünlərin repatriasiya haqqında” qanun layihəsi hazırlanır.

Komitə sədri Hadi Rəcəbli APA-ya bildirib ki, dünya təcrübəsində belə qanun mövcuddur. Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Ordusunun uğurlu əməliyyatları layihənin hazırlanmasına ehtiyac yaradır: “Son əməliyyatlar torpaqlarımıza geri dönməni təxirəsalınmaz fakt edib. Yeni qanun layihəsində qaçqın və məcburi köçkünlərin geri dönməsinin əsasları, geri dönmədə imtiyazlar və tələblər nəzərdə tutulub. Burada ərazinin minalardan təmizlənmə mexanizmi, həmin ərazilərə geri qayıdanlarla bağlı vergilərdən müəyyən müddətə azad olma, yeni iş yerlərinin yaradılması, geri dönənlərin birdəfəlik yardım alması və s. nəzərdə tutulub. Ailə qayıdırsa, ona təsərrüfatını bərpa etmək üçün birdəfəlik yardım edilə bilər. Orada iş yerləri yaradacaq sahibkarlar bütün vergilərdən azad olunacaq. BMT-nin Ali Qaçqınlar Komissarlığının Bakıdakı nümayəndəliyi ilə danışıqlar aparırıq”.

Deputat BMT ixtisaslaşmış qurumları haqqında kitabın müəllifi olduğunu xatırladıb: “Məqsədimiz dünyadakı miqrasiya, qaçqın problemləri ilə bağlı Azərbaycanın 1 milyon əhalisi bu qrupdan olan insanların qəbul edilib yerləşdirilməsində ölkəmizin fədakar fəaliyyətini kitab halında tarixə salmaqdır. Azərbaycan Ordusunun son günlər atdığı addımlar dünyaya bir mesajdır ki, artıq bəsdir. Ermənistan torpaqlarımızı işğal edib, çıxmadığı az deyilmiş kimi, hər addımbaşı təxribat törədir, bizə hücumlar edir. Hamı bilirdi ki, indiyə qədər Ermənistana kimlərsə dəstək olmasa, işğal etdiyi torpaqları qaytarmışdı. Son günlər ordumuzun uğurlu əməliyyatları fonunda bütün beynəlxalq təşkilatların bəyanatlarına ikrah hissi ilə baxırıq. Utanmadan deyirlər ki, münaqişə danışıqlar yolu ilə həll edilsin. 25 ildir, nəyi gözləyirdik? Beynəlxalq təşkilatlar da bilə-bilə bizə gülünc müraciətlər edir. Dəhşətdir ki, qaçqın düşmüş şəhid zabitimiz qaçqınlar qəbiristanlığında dəfn olunur. İşğalın bundan bariz nümunəsi ola bilərmi?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR