Ali təhsil pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası açıqlanıb

Ali təhsil pilləsi üzrə təqaüdlərin təyin olunması və ödənilməsi qaydası açıqlanıb
# 14 mart 2016 09:38 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası”na əsasən dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq, ali təhsil müəssisələrinin əyani formada təhsil alan tələbələrinə təqaüd onların ümumi orta müvəffəqiyyət göstəricilərinə (ÜOMG) görə verilir. APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin Hüquq şöbəsindən bildirilib.

Şöbədən onu da bildiriblər ki, ÜOMG tələbənin fənlər üzrə topladığı balların həmin fənnə görə qazanılan kreditlərə hasilləri cəmlərinin tədris planında həmin semestrdə tədris olunan fənlərə görə nəzərdə tutulan müvafiq kreditlərin cəminə olan nisbəti kimi müəyyənləşdirilir: “Ali təhsil müəssisələrində hər tədris ili üçün ixtisaslar üzrə təqaüdlərin sayı həmin ixtisaslar üzrə dövlət sifarişi və dövlət hesabına təhsilalanların sayına bərabər qəbul edilir və dövlət büdcəsindən təqaüd üçün ayrılan vəsait həcmində müəyyənləşdirilir. Ali təhsil müəssisələrinə hər bir ixtisas üzrə təqaüdlərin sayı nəzərə alınmaqla, imtahan sessiyasının nəticələrinə əsasən ÜOMG-yə görə ən yüksəkdən başlayan sıralamaya uyğun növbəti semestrdə təqaüd alacaq tələbələrin siyahısı müəyyən edilir”.

“Təqaüd almaq hüququnu qazanmış tələbələrə təqaüdlər semestr üzrə (birinci tədris ilinin birinci semestri istisna olmaqla) imtahan sessiyasının nəticələrinə əsasən fənlər üzrə göstəricilərinə görə aşağıdakı kimi müəyyənləşdirilir:

- fənlər üzrə göstəriciləri 91-100 bal olan tələbələrə “əlaçı” təqaüdü;

- fənlər üzrə göstəriciləri 71-100 bal olan tələbələrə “həvəsləndirici” təqaüdü. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100 olmalıdır;

- fənlər üzrə göstəriciləri 51-100 bal olan tələbələrə “adi” təqaüd.

Hər bir tədris ili üçün ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısında sıralamada sonuncu yerə bir neçə iddiaçı olduğu halda, birinci tədris ilinin ikinci semestrində ali təhsil müəssisəsinə qəbul imtahanından topladığı bal, sonrakı semestrlərdə isə əvvəlki semestrdəki ÜOMG-si yüksək olan tələbəyə üstünlük verilir.

Bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 600 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir. V ixtisas qrupu üzrə dövlət sifarişi ilə qəbul olunan, imtahan verilən fənlər üzrə müəyyən olunmuş maksimal balın 85 faizini və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digərlərinə isə “adi” təqaüd verilir.

Magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan, 112 və daha çox bal toplayan tələbələrə birinci tədris ilinin birinci semestrində “əlaçı”, digər halda isə “adi” təqaüd verilir” – deyə şöbədən deyilib.

Qeyd olunub ki, ali təhsil müəssisələrində dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil alan, həmçinin ödənişli əsaslarla qəbul olub, lakin sonradan mövcud qanunvericiliyə uyğun olaraq dövlət sifarişi statusu almış, akademik göstəricilərinə görə təqaüd qazanmış və eyni ixtisas üzrə bir təhsil müəssisəsindən digərinə köçürülən tələbələrə təqaüd (tədris planlarındakı fənn fərqlərindən asılı olmayaraq) köçürüldüyü təhsil müəssisəsində həmin ixtisas üzrə təqaüd almaq hüququ olan tələbələrin siyahısına uyğun verilir: “Tələbənin ali təhsil müəssisəsindən xaric olunduğu gündən dayandırılmış təqaüd həmin ixtisas üzrə ÜOMG sıralamasında növbəti yer tutan digər tələbəyə verilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR