Azərbaycan və Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqla bağlı təqdimatlar keçirilib

Azərbaycan və Yaponiya arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıqla bağlı təqdimatlar keçirilib
# 26 oktyabr 2015 15:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarininin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin uğurla inkişaf etdiyini qeyd edib, əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb: “Hazırda Azərbaycan Yaponiya ilə neft-qaz, energetika, maliyyə sahələrində əməkdaşlıq edir. Ölkəmizin Yaponiyanın Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə səmərəli əlaqələri var. Azərbaycanda Yaponiya investisiyalı 18 şirkət qeydiyyata alınıb”.

Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu qeyd edən nazir iki ölkə arasında əməkdaşlığın qeyri-neft sahəsində genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb: “Azərbaycan və Yaponiya kimya sənayesi, polad istehsalı, əczaçılıq və kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində əməkdaşlıq edə bilərlər”.

Bildirilib ki, Azərbaycanın neft-kimya sahəsində geniş potensialı və təbii resursları var. “Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkı yaradılıb. Artıq sənaye parkında 4 rezident qeydiyyatdan keçib və rezidentlər tərəfindən istehsal müəssisələrinin qurulmasına 1 mlrd. manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur”, - deyə Ş.Mustafayev qeyd edib. Nazir Sumqayıt Kimya Sənaye Parkında Yaponiya şirkətlərinin iştirakının və bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Azərbaycanda dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edəcək polad istehsalı kompleksinin yaradıldığı, bu sahədə Yaponiyanın “Marubeni Corporation” şirkətinin məsləhət xidməti göstərdiyi bildirilib. Qeyd edilib ki, Yaponiya şirkətləri bu sahədə podratçı qismində iştirak edə, həmçinin investisiya yatıra bilərlər.

Yaponiyanın iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarini Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, Azərbaycana səfəri çərçivəsində keçirəcəyi görüşlərin əlaqələrimizin inkişafı baxımdan əhəmiyyətli olacağını vurğulayıb. A.Amarini iki ölkə arasında iqtisadi əməkdaşlığın imkanlarına dair fikirlərini bölüşüb.

Görüşdə kimya sənayesi, metallurgiya, əczaçılıq və kənd təsərrüfatı sahələrində əməkdaşlıq imkanlarının təqdimatı keçirilib, qonaqları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR