PA rəsmisi: “Bəzən məzmunu tam eyni olan layihələr təqdim edilir, büdcə həddən artıq şişirdilir” - FOTO

PA rəsmisi: “Bəzən məzmunu tam eyni olan layihələr təqdim edilir, büdcə həddən artıq şişirdilir” - <span style="color: red;">FOTO
# 13 oktyabr 2015 08:09 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Prezidenti yanında Gənclər Fondunda gənclər təşkilatları və fərdi layihə qalibləri ilə görüş keçirilib.

APA-nın məlumatına görə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev deyib ki, ilk qrant müsabiqəsində 160 layihə barədə müraciəti qeydə alınıbsa, sonuncu qrant müsabiqəsində 1200-ə yaxın layihə barədə müraciət qəbul edilib.

Azərbaycanın müstəqilliyinin bərpasının 24 ilinin tamam olacağını nəzərə çatdıran Prezident Administrasiyasının İctimai-siyasi məsələlər üzrə şöbəsinin müdir müavini, Gənclər Fondunun Müşahidə Şurasının sədri Tahir Süleymanov müstəqillik qazandıqdan sonra 130 siyasi partiyanın, yüzlərlə gənclər təşkilatının yaradıldığını nəzərə çatdırıb: “Hazırda 55 partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 1995-ci ildə Azərbaycanda 60-a qədər gənclər təşkilatı var idi və əksəriyyəti bu və ya digər siyasi partiyaların təsirindəydi. Gənclər Fondunun yaranmasından sonra, 2012-ci ilin əvvəlindən başlayaraq yeni gənclər təşkilatları yaranmağa başladı, hazırda Ədliyyə Nazirliyində 310 gənclər təşkilatı qeydiyyatdan keçib”.

T. Süleymanov indiyə qədər Gənclər Fondu tərəfindən 7 qrant müsabiqəsi keçirildiyini, bu müsabiqələr zamanı 5 minə qədər layihə barədə müraciət daxil olduğunu xatırladıb: “Qrant layihələri çərçivəsində 2333 layihə maliyyələşdirilib, bu layihələrə 13 milyon 500 min manat ayrılıb. Bu, hər il üçün 4,5 milyon manat ayrılması deməkdir. Avropa Gənclər Fondu il ərzində layihələrə ayırdığı vəsait cəmi 3 milyon avro təşkil edir, yəni Gənclər Fondunun təkcə Azərbaycanda il ərzində gənclər təşkilatlarına ayırdığı vəsaitdən azdır”.

T. Süleymanov gənclər təşkilatlarının layihələrlə bağlı yol verdikləri çatışmazlıqlara da toxunub: “Bəzən görürsən ki, müsabiqəyə 2-3 qrant layihəsi təqdim edilib, adları fərqlidir, məzmunları, icra planları tamamilə eynidir. Digər mənfi hal büdcənin həddən artıq şişirdilməsidir. Digər mənfi hal gənclər təşkilatlarının resurslarının düzgün qiymətləndirilməməsidir. Görürsən ki, rayonda tədbir keçirməlidirlər, ancaq rayon icra hakimiyyətlərindən xahiş edirlər ki, həm yer ayırsınlar, həm də zalı adamla doldursunlar. Yaxud xaricdə tədbir keçirməklə bağlı layihə verirlər, layihəyə qrant ayrılır, icra zamanı məlum olur ki, həmin gənclər təşkilatının Avropada, ABŞ-da tədbir keçirmək üçün əlaqələri, imkanları yoxdur, ya da səfirlikdən bizə məlumat gəlir ki, çox zəif bir tədbir keçirilib. Belə gənclər təşkilatları monitorinqdə də maraqlı olmurlar. Çünki monitorinq zamanı məlum olur ki, belə təşkilatlar ya tədbir keçirmirlər, ya da zəif bir tədbir təşkil ediblər”.

T. Süleymanov onu da nəzərə çatdırıb ki, bundan əvvəlki müsabiqədə 30-a qədər gənclər təşkilatının maliyyə hesabatları təqdim etmədiyi üzə çıxıb: “Ona görə də sonuncu müsabiqədə onların layihələrinə ümumiyyətlə, baxılmadı, gələcəkdə də belə olacaq. Ancaq bu iradlar azsaylı gənclər təşkilatlarına aiddir, əksər gənclər təşkilatları uğurla fəaliyyət göstərirlər”.

Tədbirdə Gənclər Fondunun veb-səhifəsinin yeni dizayn konsepsiyasında təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR