Polisi öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Polisi öldürməyə cəhddə təqsirləndirilən şəxsin məhkəməsi keçirilib
# 19 may 2016 15:31 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində polis əməkdaşını öldürməyə cəhddə təqsirləndirilən Elvin Məmmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edərək, prosesin ilkin baxış iclasının qərarından kassasiya şikayəti verdiklərini deyib. Bu səbəbdən proses qeyri-müəyyən vaxtadək təxirə salınıb.

Qeyd edək ki, ilkin baxış iclasında təqsirləndirilən şəxsin vəkili prosesin istintaqla aparılması barədə vəsatət verib. Məhkəmə vəsatətin təmin olunmaması barədə qərar qəbul edib. Ali Məhkəməyə kassasiya şikayəti həmin qərardan verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E. Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Elvin Məmmədov əvvələr oğurluq hadisəsi törətdiyi üçün Səbail Rayon Məhkəməsinin qərarı ilə 3 il 11 ay 28 gün müddətinə şərti cəza alıb. Hökmlə razılaşmayan prokurorluq protest verib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən onun barəsində seçilmiş şərti cəza həbs qətimkan tədbiri ilə dəyişdirilib.

İttiham aktına əsasən, E.Məmmədov 2015-ci ildə növbəti dəfə cinayət törətməyə cəhd edərkən onu tutmaq istəyən Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarına atəş açıb.

O, Cinayət Məcəlləsinin 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) , 29,120-ci (qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR