Azərbaycanda qorunan əmanətlərin 70%-dən çoxu dolların payına düşür

Azərbaycanda qorunan əmanətlərin 70%-dən çoxu dolların payına düşür
# 16 oktyabr 2015 15:09 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu 2015-ci ilin 9 ayının nəticələrini açıqlayıb.

Fonddan “APA-Economics”ə verilən xəbərə görə, 2015-ci ilin doqquz ayının yekununa əsasən fiziki şəxslərin cəmi əmanətləri (7,336 mlrd. manat) ümumi əmanətlərin (maliyyə sektoru istisna olmaqla) 60%-ni təşkil edib.

Hesabat dövrünə fiziki şəxslərin ümumi əmanətləri 659 mln. manat (10%), qorunan əmanətlər 2,003 mlrd. manat (66%) artıb, qorunmayan əmanətlər isə 1,344 mlrd. manat (-37%) azalıb. Cari ilin doqquz ayının yekununda fiziki şəxslərin (7,336 mlrd. manat) cəmi əmanətlərinin 69%-ni (5,044 mlrd. manat) qorunan əmanətlər, 31%-ni (2,292 mlrd. manat) isə qorunmayan əmanətlər təşkil edib.

Hesabat dövründə kompensasiya olunan əmanətlər ilin əvvəlinə olan göstərici ilə müqayisədə 31% (528 mln. manat) artaraq 2,213 mlrd. manat olub ki, bu da ümumi əmanətlərin 30%-ni, qorunan əmanətlərin isə 44%-ni təşkil edir. Üzv banklar tərəfindən 7 mln. 304 min 127 əmanətçiyə xidmət göstərilir ki, onların da 6 mln. 634 min 971 nəfəri (91%) qorunan əmanətçidir. Qorunan əmanətçilərin 99,6%-nin (6 mln. 240 min 434 nəfər) əmanəti 30 min manata qədərdir və 100% sığortalanır.

Qorunan əmanətlərin 71%-i ABŞ dollarının, 25%-i manatın, 4%-i avronun payına düşür. Hazırda Fondun sığorta ehtiyatları 109,4 mln. manat təşkil edir. Fondun sərbəst vəsaitlərinin idarə edilməsi fondun investisiya siyasətinə uyğun olaraq həyata keçirilir. Manatda olan vəsaitlər 78,7 mln. manat məbləğində dövlət qiymətli kağızların da yerləşdirilmiş və orta hesabla illik gəlirlilik 4,2% təşkil edib. Fondun 5 mln. avro vəsaiti isə “Deutsche Asset & Wealth Management International” şirkəti vasitəsi ilə idarə olunur.

Fondun doqquz ayının yekununa əsasən gəlirləri 19,2 mln. manat olub ki, bunun da 16,5 mln. manatını təqvim haqları, 20 min manatı üzvlük haqları, 2,6 mln. manatını isə faiz və digər gəlirlər təşkil edib. Fondun cəmi xərcləri 1,2 mln. manat təşkil edib.

2015-ci ilin III rübün sonuna fondun iştirakçısı olan bankların sayı 43-dür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR