Ombudsmanın vəsatətləri əsasında ötən ilin dekabrında 26 məhkum əfv olunub

Ombudsmanın vəsatətləri əsasında ötən ilin dekabrında 26 məhkum əfv olunub
# 14 yanvar 2016 14:35 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2015-ci ildə görülmüş işlərin və 2016-cı ildə qarşıda duran vəzifələrin, gələcək fəaliyyət planlarının müzakirəsinə həsr edilmiş iclas keçirib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Müvəkkil çıxışında ilin əvvəlində hər bir qurumun ötən ildə görülmüş işləri təhlil etməsinin, gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirməsinin əhəmiyyətini diqqətə çatdırıb.

E. Süleymanova bildirib ki, 1 noyabr Parlament seçkilərində Müvəkkil və Aparatın əməkdaşları müstəqil müşahidəçi qismində səsvermə prosesini izləyiblər: “Ümumilikdə parlament seçkilərinin əhalinin fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, qanunvericiliklə müəyyən olunmuş qaydada və nizam-intizamla keçirilməsi müşahidə edilib”.

İclasda qeyd olunub ki, ölkə prezidentinin 28 dekabr 2015-ci il tarixdə imzaladığı, sayca 60-cı olan əfv sərəncamına əsasən 210 məhkum əfv olunub: “Müvəkkilin vəsatətləri nəzərə alınaraq, sonuncu əfv sərəncamı ilə 26 məhkum, fəaliyyəti dövründə isə ümumilikdə 493 məhkum ailələrinə qovuşub”.

Toplantıda bildirilib ki, ölkə vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin şikayətləri üzrə heç bir ayrı-seçkiliyə yol verilmədən ciddi araşdırmalar aparılıb, bir çox hallarda pozulmuş insan hüquqlarının bərpasına nail olunub.

2015-ci ildə də Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətinin dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti, KİV ilə səmərəli, işgüzar şəraitdə həyata keçirildiyi bildirilib: “Əhalinin müxtəlif qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin, miqrantların, qadınların, uşaqların, ahılların, əlilliyi olan şəxslərin, hərbi qulluqçuların, məhkumların hüquqlarının təmin edilməsi ilə bağlı, onların sosial-iqtisadi problemlərinin həllinə yönəldilmiş səmərəli təkliflər Milli Məclisə, Nazirlər Kabinetinə, digər dövlət orqanlarına göndərilib, Konstitusiya Məhkəməsinə bir neçə sorğu verilib”.

Qeyd edək ki, Müvəkkilin 2015-ci il üzrə fəaliyyətini, təklif və tövsiyələrini əhatə etməklə geniş illik məruzəsi parlamentdə dinləniləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR