Mərakeşdə BMT baş katibinin bəyanatı əleyhinə ümumxalq mitinqi keçirilir

Mərakeşdə BMT baş katibinin bəyanatı əleyhinə ümumxalq mitinqi keçirilir
# 13 mart 2016 13:27 (UTC +04:00)

Bakı-APA. Mərakeşin paytaxtı Rabatda BMT baş katibi Pan Gi Munun Qərbi Saxara ilə bağlı bəyanatı əleyhinə ümummilli mitinq keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, aparıcı siyasi partiyaların, həmkarlar ittifaqlarının və ictimai təşkilatların təşkil etdiyi mitinqdə 2 milyondan çox insan iştirak edir.

İnsanlar əllərində Mərakeş bayraqları, vətənpərvər şüarlarla V Məhəmməd və Allal Ben Abdulla prospektlərinə, o cümlədən Bab-əl-Had meydanına axışıblar. Mitinqdə məqsəd ölkənin ərazi bütövlüyünə qətiyyətlə dəstək verməkdir.

Qeyd edək ki, BMT baş katibi P. G. Mun 6-7 mart tarixlərində Əlcəzairə səfəri zamanı Qərbi Saxara üzrə danışıqların yenidən başlamasını arzu etdiyini bildirib və donor konfransı çağırmaq barədə planı olduğunu açıqlayıb. BMT baş katibi regiondan gəlmiş on min qaçqının yaşadığı düşərgəyə baş çəkərkən Qərbi Saxaranın statusunu işğalla müqayisə edib. Rəsmi Rabat dərhal bəyanata reaksiya verərək P. G. Munun neytrallığını və obyektivliyini itirdiyini, sözlərinin Mərakeş hökuməti və xalqı üçün təhqir olduğunu bəyan edib. BMT katibliyi isə P. G. Munun “işğal” terminini Qərbi Saxaradan olan qaçqınların evlərinə qayıda bilməməsi, dövlət idarəçiliyi ilə bağlı öz arzularını sərbəst ifadə edə bilməməsinə münasibətdə dilə gətirdiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR