Mənşəyi məlum olmayan 5 ton ət zərərsizləşdirilərək basdırılıb

Mənşəyi məlum olmayan 5 ton ət zərərsizləşdirilərək basdırılıb
# 03 dekabr 2015 13:05 (UTC +04:00)

Bakı - APA. Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən müxtəlif vaxtlarda müsadirə olunmuş mənşəyi məlum olmayan, qida üçün yararsız 5 tona yaxın ət məhv edilib.

Xidmətin mətbuat katibi Yolçu Xanvəli APA-ya bildirib ki, noyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Ələt-Bakı avtomobil magistralının Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda Bakı şəhərinə satış üçün gətirilən 5 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri ilə dolu “Mercedes” markalı yük avtomaşını saxlanılıb.

Heyvan cəmdəklərindən götürülən nümunələr Respublika Baytarlıq Laboratoriyasında müayinə olunub. Nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə nəticəsində isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş iribuynuzlu heyvanların ətləri olduğu müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən qida üçün yararsız olduğundan və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyindən satış məqsədilə gətirilən 5 tona yaxın ətin zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq dekabrın 3-də həmin ətlər yükü gətirən “Mercedes BENZ ATECO" markalı, 99 cp 289 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsünün, KİV və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə Sumqayıt şəhər Məişət Tullantıları Poliqonunda zərərsizləşdirilərək başdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR