Ombudsmanın nümayəndələri polis bölmələrində başçəkmələr keçiriblər

Ombudsmanın nümayəndələri polis bölmələrində başçəkmələr keçiriblər
# 13 yanvar 2016 12:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Milli Preventiv Qrupunun (MPQ) üzvləri Abşeron Rayon Polis İdarəsinin (RPİ) müvəqqəti saxlama yerinə (MSY), Binəqədi RPİ-nin 4 və 6-cı polis bölmələrinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb.

MSY-nin bütün kameralarına baxış keçirilib. Qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.


Bildirilib ki, MSY-də saxlanılan, inzibati qaydada tutulmuş, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulan və həbs olunmuş şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib: “Onların müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər”.

Qeyd olunub ki, MSY-nin rəhbərliyinə müvafiq qanunvericiliyə, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanununa, Müvəqqəti saxlama yerlərinin daxili intizam Qaydalarına müvafiq şəkildə sənədləşmənin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib: “Eyni zamanda, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb”.

Binəqədi RPİ-nin 4 və 6-cı polis bölmələrinə də başçəkmələr keçirilib, məsul əməkdaşlarla hüquqi maarifləndirici söhbətlər aparılıb, sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR