DSX-nin “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib

DSX-nin “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib
# 19 dekabr 2015 10:10 (UTC +04:00)

Xaçmaz. Vəli Turan - APA. Dekabrın 19-da Dövlət Sərhəd Xidmətinin (DSX) Xudat Sərhəd Dəstəsinin yeni inşa olunan “Samur” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.

APA -nın şimal bürosunun verdiyi məlumata görə, yeni istifadəyə verilən sərhəd zastavası kompleksinin açılış mərasimində Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, “Azərsu-Holdinq”in idarə heyətinin sədri Abdulbari Gözəl, Rusiya Federasiyası Federal Sərhəd Xidmətinin nümayəndələri hərbi hissənin şəxsi heyəti və digər rəsmi şəxslər iştirak edib.

Tədbirdə bildirilib ki, “Samur” sərhəd zastavası kompleksində şəxsi heyətin yüksək səviyyəli xidməti və istirahəti üçün hər cür şərait yaradılıb. Buraya əsgərlər üçün lazımı məişət şəraiti olan yataqxana, yeməkxana, istirahət, təlim və digər təyinatlı otaqlar, anbarlar, kinozal, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri, hamam-camaşırxana, təlim meydançası, idman zalı və digər tikililər daxildir.

E. Quliyev mərasimdə çıxış edərək Vətənimizin sərhədlərinin mühafizəsinə göstərilən diqqət və qayğıdan danışıb.

Tədbirdə sərhədçi-vətəndaş əlaqələrinin möhkəm zəmin üzərində qurulmasının Vətənimizin hüdudlarının qorunması işində müsbət rol oynadığı, dövlət sərhədlərimizin mühafizəsinə ümumxalq qayğısının ilbəil artmasının sərhədçilər tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılandığı xüsusi vurğulanıb.

Mərasimdə xidmət zamanı fərqlənən sərhədçilər təltif olunub.

Açılış mərasimindən sonra tədbir iştirakçıları “Samur” sərhəd zastavası kompleksinə baxış keçiriblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR