Azərbaycanda proqnozlaşdırılan potensial seysmik risk zonaları açıqlanıb

Azərbaycanda proqnozlaşdırılan potensial seysmik risk zonaları açıqlanıb
# 26 dekabr 2015 09:07 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Noyabr ayının sonunda Azərbaycan ərazisi və ona qonşu seysmoaktiv zonaların seysmogeodinamik şəraitində ciddi dəyişikliklər müşahidə olunmayıb. APA-nın xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) bülletenində qeyd olunub.

Bülletendə bildirilib ki, regional planda respublika ərazisi tamamilə sıxılma gərginlik-deformasiya proseslərinin təsiri altında olub: “Nisbətən intensiv geodinamik proseslər Şamaxı-İsmayıllı, Abşeron periklinalı, Gəncə və Mərkəzi Xəzər seysmoaktiv zonalarında müşahidə edilib. Bu regionda xəritələnmiş lokal sıxılma strukturlarında gərginliyin qiyməti Ksıx.=0,964-0,986 ş.v. intensivliklə xarakterizə olunub. Seysmohidrogeodeformasiya xəritə-sxemindən göründüyü kimi, gərginliyin maksimal qiyməti Abşeron-Balxanyanı qırışıqlıq sisteminə uyğun gəlir. Lokal strukturlar Mahaçqala-Türkmənbaşı, Goradil, Şərqi Qobustan və Arpaçay-Samur istiqamətli tektonik pozulmalar boyu formalaşıb ki, bu da geodinamik proseslərin tangensial yan basqı xüsusiyyətlərindən irəli gəlir. Hər 4 struktur üzrə gərginliyin qiyməti kritik səviyyədən kiçik olsa da, burada zəif intensivlikli klassik təkanların baş vermə ehtimalı qalır”.

Bülletendə o da qeyd olunub ki, ötən ayın sonunda yeni formalaşan geodinamik şəraitin inkişaf dinamikası Abşeron periklinalı, Şamaxı-İsmayıllı və Mərkəzi Xəzər seysmoaktiv zonalarında seysmik riskinin yüksək olmasını şərtləndirir: “Ümumən respublika ərazisində Şamaxı-İsmayıllı, Abşeron arxipelağı və Orta Xəzər seysmogen zonallıqları potensial seysmik risk zonası kimi proqnozlaşdırılır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR