ARDNF Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə dəyirmi masada iştirak edib

ARDNF Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə dəyirmi masada iştirak edib
# 04 noyabr 2015 08:42 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun başçılıq etdiyi nümayəndə heyəti Koreya İnvestisiya Korporasiyası tərəfindən noyabrın 1-3-də Cənubi Koreyanın paytaxtı Seul şəhərində təşkil edilmiş Suveren və Təqaüd Fondlarının Birgə İnvestisiyası üzrə dəyirmi masada iştirak edib.

Şirkətdən “APA-Economics”ə verilən xəbərə görə, dəyirmi masa suveren və təqaüd fondlarının birgə investisiya üzrə əməkdaşlığı üçün yaradılmış yeni bir platformadır.

Dəyirmi masanın illik iclasında ən mühüm qlobal institutlar, aparıcı vəsaitlərin idarə edilməsi üzrə menecerlər, ən böyük suveren və təqaüd fondlarından olan 400 investor toplanır. İclasda makro-iqtisadi dəyişikliklər, birgə investisiya sahəsində menecerlər arasında səmərəli əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi kimi mövzularda müzakirələr aparılıb.

Görüş zamanı növbəti iclasın 2016-cı ildə ARDNF tərəfindən Bakıda təşkil olunması razılaşdırılıb. Növbəti iclasın təşkilatçısı olaraq Ş. Mövsümov dəyirmi masanın simvolik bayrağını və sədrlik vəzifəsini ilk iclasa sədrlik etmiş Koreya İnvestisiya Korporasiyasının İcraçı direktoru və sədri Hankdan təhvil alıb. Dəyirmi masanın ilk iclası Ş. Mövsümovun bu platformanın gələcək inkişaf perspektivləri ilə bağlı nitqi ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR