Yessentukidə BDU-nun ilk rektorunun barelyefinin açılışı olub

Yessentukidə BDU-nun ilk rektorunun barelyefinin açılışı olub
# 26 noyabr 2015 14:33 (UTC +04:00)

Bakı – APA. Rusiyanın Stavropol vilayətinin Yessentuki şəhərində Bakı Dövlət Universitetinin (BDU) yaradıcılarından biri və ilk rektoru, professor Vasili Razumovskinin xatirə barelyefinin açılışı olub.

BDU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdən əvvəl V. Razumovskinin məzarı ziyarət edilib.

Sonra böyük alimin adını daşıyan küçədə barelyefinin açılışı mərasimi keçirilib. Yessentuki şəhərinin meri Aleksandr Nekristov Bakı Dövlət Universitetinin təşəbbüsü ilə professor V. Razumovskinin barelyefinin açılışını yüksək qiymətləndirib. Mer V. Razumovskini böyük alim və dəyərli insan kimi xarakterizə edib, onun Yessentukinin tarixində və Qafqaz mineral sularının kurort və elmi mərkəz kimi inkişafında xüsusi rol oynadığını bildirib. O, həmçinin professorun nəinki Rusiyada, bir çox şəhərlərdə, o cümlədən Bakı, Tiflis, Kazan və Saratovda hörmətlə anıldığını vurğulayıb.

Tədbirdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov bu günün universitet üçün tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, V. Razumovski həm Bakı Dövlət, həm də Saratov və Zaqafqaziya universitetlərinin yaranmasında müstəsna xidmət göstərib. Rektor onu da qeyd edib ki, professor Razumovski Azərbaycan parlamentində universitetin yaranması haqqında qərarı başı üstə qaldıraraq Avropa ilə Asiyanın qovşağında yeni məşəlin yandığını bildirib: “Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram”.

A. Məhərrəmov Heydər Əliyevin BDU-nun məzunu və fəxri doktoru olmasından, prezident İlham Əliyevin elmə və təhsilə olan diqqət və qayğısından da bəhs edib.

Mərasimdə Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Vüqar İmamquliyev, Dağıstan Dövlət Universitetinin rektoru Murtuzəli Rabadanov, Çeçen Dövlət Universitetinin prorektoru Ruslan Kutuyev, Rusiya Dövlət Humanitar Universitetinin Georgiyevsk filialının direktoru Kim Vladimir və Cənub Federal Universitetinin prorektoru Sergey Dyujikov çıxış ediblər. Tədbirin sonunda Razumovskinin nəticəsi Fyodor Boqorodski barelyefin açılışına görə təşəkkürünü bildirib.

Onu da bildirək ki, tədbir çərçivəsində Yessentuki şəhər meriyasında Bakı Dövlət Universiteti və meriya arasında əməkdaşlıq haqda saziş imzalanıb, habelə şəhər Tarix Diyarşünaslıq Muzeyində BDU guşəsi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR