KTN: Barəsində cinayət işi başlanan Cavanşir Bağırov ötən il işdən çıxarılıb

KTN: Barəsində cinayət işi başlanan Cavanşir Bağırov ötən il işdən çıxarılıb
# 08 oktyabr 2015 13:45 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) barəsində cinayət işi başlanan nazirlik əməkdaşı ilə bağlı açıqlama yayıb.

APA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov işində yol verdiyi nöqsanlara görə 2014-cü ildə vəzifəsindən azad olunub, hazırda KTN sistemində işləmir.

Qeyd edək ki, Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, KTN-in Dövlət Maşın Sınaq Stansiyasının direktoru Cavanşir Bağırov və digər vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmələrində, bundan başqa müəssisədə faktiki işləməyən şəxslərin adlarına əmək haqqları yazılması, tariflərin düzgün tətbiq edilməməsi və saxta qaimələrin tərtib edilməsi yolu ilə 221 min manat məbləğində pul vəsaitlərini mənimsəyərək israf etməklə dövlətin qanunla qorunan mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR