Bakıda məscidi yandırmaq istəyənlər məhkəmədən vaxt istəyiblər

Bakıda məscidi yandırmaq istəyənlər məhkəmədən vaxt istəyiblər
# 15 fevral 2016 11:11 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxur qəsəbəsindəki məscidə parlayıcı vasitə atmaqda təqsirləndirilən Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Namiq Nəsibov məhkəmədən çıxış üçün vaxt istəyib. Elnur Ələkbərov isə məhkəmə istintaqın yenilənməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Məhkəmə prosesi fevralın 22-də davam etdiriləcək.

Qeyd edək ki, 2014-cü il noyabrın 26-da Qaraçuxur qəsəbəsində yerləşən «Cümə» məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq, yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Müəyyən edilib ki, Namiq Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında PKK terrorçu təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikası ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. Namiq Nəsibov Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra Elnur Ələkbərov ilə birgə PKK terror təşkilatının Azərbaycanda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamağa başlayıblar. Namiq Nəsibov və Elnur Ələkbərov sosial şəbəkələr vasitəsi ilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR