Milli Məclis 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib

Milli Məclis 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciət qəbul edib
# 30 dekabr 2016 10:41 (UTC +04:00)

Milli Məclisin bu gün keçirilən iclasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibəti ilə müraciət qəbul olunub.

APA”nın məlumatına görə, müraciəti vitse-spiker Bahar Muradova oxuyub:

“Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən “Həmrəylik günü”ndə hamınızı ürəkdən salamlayırıq. Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bu günü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır, ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir. 25 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə “Həmrəylik günü”nün dövlət səviyyəsində təməlinin qorunması xalqımızın “Birlikdən qüvvət doğar” əqidəsinin müasir dövrün çağırışları şəraitində gerçəkləşməsinə zəmin yaratdı. Bu hərəkat sonrakı dövrdə geniş vüsət alaraq milli-mənəvi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdə özünün parlaq ifadəsini tapdı.

Dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşdırılmasına kömək göstərilməsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Göstərilən işlərin bir nəticəsi də odur ki, tarixin gedişi və taleyin hökmü ilə bir-birindən ayrı düşmüş soydaşlarımız və həmvətənlərimiz ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının milli mənlik şüuru əsasında sıx birləşməsinin önəmini bu gün daha yaxşı anlamaqdadırlar. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi ilə daha yaxından məşğul olurlar. Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Xalqımız bəşər sivilizasiyasının inkişafına verdiyi dəyərli töhfələrlə haqlı olaraq fəxr edir. Tarix boyu Azərbaycan xalqının istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir.

Bu dövlət dünya azərbaycanlılarının tarixi vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu vətənimizin taleyüklü problemlərindən kənarda qalmamaq, onların aradan qaldırılması işinə birliklə kömək göstərməkdir. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Qarabağ düyününün açılmasını daha da yaxşılaşdıra bilərlər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın milli dəyərlərinin təbliğ edilməsi sahəsində də soydaşlarımız çox böyük iş görə bilərlər. Həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər dilimizi, adət-ənənələrimizi əziz tutmaq, milli maraqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz, Sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, doğma Azərbaycanımıza nurlu gələcək arzu edirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR