Kanal rəhbərinin ailə üzvləri məhkəmədə ifadə verib

Kanal rəhbərinin ailə üzvləri məhkəmədə ifadə verib
# 10 oktyabr 2017 10:38 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Kanal-13" internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

APA-nın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrlik etdiyi iclasda vəkil Cavad Cavadlı müvəkkili barəsində həbs qətimkan tədbirinin girov müqabilində ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. İttihama münasibət bildirən Ə. Orucov özünü təqsirli bilməyib.

Prosesdə şahid qismində Ə. Orucovun anası Almaz Həsənova ifadə verib. Bildirib ki, oğlu günahsızdır, istintaq zamanı onunla pis rəftar ediblər. A. Həsənova təşkilata Anar Orucovun rəhbərlik etdiyini deyib.

Ə. Orucovun həyat yoldaşı Lamiyə Orucova da ifadə verib. O həyat yoldaşının günahsız olduğunu deyib. Bildirib ki, Əziz Orucov Anar Orucov getdikdən sonra kanala rəhbərlik edib.

Proses oktyabrın 17-də davam edəcək.

Qeyd edək ki, Əziz Orucov mayın 2-də polisə müqavimət ittihamı ilə saxlanılıb, ona 30 sutka inzibati həbs cəzası verilib. Azadlığa buraxılmalı olduğu gün - iyunun 1-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində haqqında cinayət işi başlanıb, ona Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham verilib. Elə həmin gün Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR