Kvirikaşvili: “Gürcüstanın NATO-ya inteqrasiyası dərinləşir”

Kvirikaşvili: “Gürcüstanın NATO-ya inteqrasiyası dərinləşir”
# 10 aprel 2017 09:52 (UTC +04:00)

Tiflisdə NATO-Gürcüstan Xalq Diplomatiyası Forumu başlayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze açaraq NATO ilə Gürcüstan arasında münasibətlərin getdikcə aktivləşdiyini, Avropa ilə viza rejiminin ləğvinin əlaqələrin inkişafına daha da təkan verəcəyini bildirib.

Baş nazir Georgi Kvirkaşvili çıxışında NATO-Gürcüstan əlaqələrinin vacibliyini vurğulayıb: “Mən Gürcüstanın NATO-ya üzvlüyünü dəstəkləyən bütün ölkələrə təşəkkürümü bildirirəm. Artıq ikinci dəfədir ki, belə bir forum Gürcüstanda keçirilir. Gürcüstanın avroatlantik ailəyə üzv olması dövlətimizin və gürcü xalqının suveren qərarıdır. Gürcüstanın NATO-ya inteqrasiyası daha da dərinləşir. Sevindirici haldır ki, Xalq Diplomatiyası Forumu yeni çağırışlar və strategiyalara, təcrübə mübadiləsinin müzakirəsinə geniş imkan verir”.

Sonra NATO baş katibinin müavini, türkiyəli diplomat Tacan İldem çıxış edib.

Forum sessiyalarda davam edib. Sessiya çərçivəsində Gürcüstanın xarici İşlər Naziri Mixail Canelidze, NATO baş katibinin müavini Tacan İldem, Avropa İttifaqının Gürcüstandakı nümayəndəsi Yanoş Herman, Böyük Britaniyanın Gürcüstandakı səfiri Devid Uotson və başqaları çıxış ediblər.

Avropa və avroatlantik strukturlara inteqrasiya məsələləri üzrə dövlət naziri Viktor Dolidze APA-ya açıqlamasında NATO-Gürcüstan Xalq Diplomatiyası Forumunun Gürcüstanda keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Biz NATO-ya üzv olmaq və bu təşkilata inteqrasiya üçün aktiv siyasət aparırıq. Xalq diplomatiyası prosesində şübhəsiz ki, Gürcüstanda yaşayan milli azlıqlar, o cümlədən azərbaycanlılar da böyük rol oynayırlar. Düşünürəm ki, apardığımız siyasətin nəticəsi olaraq biz Avropa ailəsinə üzv olacağıq”.

NATO baş katibinin müavini Tacan İldem isə APA-ya açıqlamasında NATO-Gürcüstan Xalq Diplomatiyasını yüksək qiymətləndirdiyini bildirib. O, may ayında Azərbaycana səfər edəcəyini və NATO-nun Azərbaycanla bağlı mövqeyini Bakıda açıqlayacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR