Azərbaycan nümayəndə heyəti BMT-də keçirilən tədbirdə iştirak edib

Azərbaycan nümayəndə heyəti BMT-də keçirilən tədbirdə iştirak edib
# 02 iyun 2015 10:15 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatında (BMT) “Demoqrafik divident və gənclərin məşğulluğu” mövzusunda keçirilən tədbirdə iştirak edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, BMT baş katibi Pan Gi Mun tədbir iştirakçılarını salamlayıb.

Açılışdan sonra müxtəlif ölkələrdən olan nümayəndələr öz ölkələrinin təcrübəsini bölüşüblər. Çıxışlardan sonra sessiya öz işini “Demoqrafik dividentdən necə bəhrələnmək olar” və “Gənclərin işlə təmin edilməsi üçün hansı addımlar atılmalıdır” adlı panellərdə davam etdirib.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə Braziliya və Boliviya nümayəndə heyətləri arasında ikitərəfli görüşlər keçirilib. Görüşlər çərçivəsində ölkələr arasında gənclərlə iş sahəsində əlaqələrin qurulması və genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Demoqrafik divident” konsepsiyası 1994-cü ildə Qahirə şəhərində keçirilmiş BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında yaradılıb. Demoqrafik dividentin əsas məqsədi demoqrafik töhfə vasitəsilə iqtisadi artımın təmin edilməsidir. Bu prosesdə müxtəlif faktorların, o cümlədən gənc qadın və uşaqların sağlamlığı, gənclərin işlə təmin edilməsi, təhsil və s. bu kimi faktorlar mövcuddur.

Tədbirin nəticəsi olaraq iyun ayının ortalarında bu mövzu ilə bağlı BMT Baş Assambleyası prezidentinin yekun hesabatı təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR