DGK sədri Yaponiyanın iş adamlarını Azərbaycana investisiya yatırmağa çağırıb

DGK sədri Yaponiyanın iş adamlarını Azərbaycana investisiya yatırmağa çağırıb
# 09 yanvar 2018 11:52 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teruyuki Katori ilə görüşüb.

DGK-dan “APA-Economics”ə verilən məlumata görə, A. Əliyev Azərbaycan və Yaponiya gömrük xidmətləri arasında qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinin səviyyəsindən, xüsusilə Ümumdünya Gömrük Təşkilatı (ÜGT) çərçivəsində əlaqələrdən məmnunluğunu ifadə edib, bu əlaqələrin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

A. Əliyev Azərbaycan gömrük xidmətinin ÜGT ilə qarşılıqlı əlaqələrindən, bu qurumun baş katibi Kunio Mikuriyanın dəfələrlə Azərbaycana səfərindən və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərindən məmnunluqla söhbət açıb. Komitə sədri DGK-nın ÜGT-nin çox fəal üzvlərindən biri olduğunu vurğulayıb və yüksələn xətlə inkişaf edən bu əməkdaşlığın hazırkı vəziyyətindən razılığını ifadə edib.

Ölkəmizdə biznes mühitinin, sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılması, beynəlxalq ticarətin asanlaşdırılması və sürətləndirilməsi, eləcə də ölkə iqtisadiyyatının formalaşmasında mühüm rolu olan gömrük işinin daha səmərəli və şəffaf şəkildə qurulması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verən A. Əliyev bu islahatların iş adamlarının çevik və səmərəli fəaliyyəti üçün mühüm imkanlar yaratdığını vurğulayıb. Azərbaycanda yaradılan münbit investisiya mühiti ilə əlaqədar yaponiyalı iş adamlarının da ölkəmizə investisiya yatıracağına, konkret olaraq irihəcmli istehsal sahələrinin yaradılmasına töhfə verəcəklərinə əminlik ifadə olunub, eyni zamanda respublikamızda yapon şirkətlərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, gömrük sahəsində də elm, tədris və tədqiqat fəaliyyətinə xüsusi önəm verildiyini söyləyən A. Əliyev Azərbaycan gömrük xidmətinin gənc kadrlarının öz təhsillərini müasir tələblər baxımından təkmilləşdirmək üçün xarici ölkələrin nüfuzlu ali məktəblərində, eləcə də Yaponiyada elmi və təcrübi biliklərini artırdıqlarını diqqətə çatdırıb.

T. Katori bütün sahələrdə, o cümlədən gömrük sahəsində ikitərəfli münasibətlərimizin çox yaxşı səviyyədə olduğunu məmnunluqla qeyd edib. Səfir əlaqələrimizin daha da genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb. Görüşdə, həmçinin bu il ÜGT-də keçiriləcək seçkilərlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR