Nazir: “Regionlarda bütün hotellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub"

Nazir: “Regionlarda bütün hotellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub"
# 16 iyul 2015 13:15 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Yalandan yazırlar ki, hotel üç və ya dörd ulduzludur. Ancaq real olaraq bu hotellərin standartları təqdim edilən xidmətlərin standartlarına heç cür uyğun gəlmir. Ona görə də biz artıq tələb edəcəyik ki, qiymətlər qanunvericilik çərçivəsində standartlara uyğunlaşdırılsın”.

APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. O bildirib ki, regionlarda mövcud olan bütün hotellərin qiymət siyasətinə yenidən baxılması tövsiyə olunub: “Artıq rayon icra hakimiyyətlərinin rəhbərlərinə, yerli sahibkarlara, müxtəlif qurumlara tövsiyə edilib ki, regionlarda yeni tikilən otellər və yaxud turizmin inkişafı ilə bağlı atılan hər hansı bir addım mütləq nazirlikdə mövcud olan standartlara uyğunlaşdırılmalıdır. Bu gün qanunvericilikdə mütləq standartlaşma məsələsi yoxdur. Biz hesab edirik ki, bu gün hər hansı bir otelin, motelin, qonaq evinin tikintisi zamanı sahibkar mütləq onun standartlarını Mədəniyyət və Turizm Nazirliyi ilə birgə müəyyənləşdirməlidir. Çünki bu standartlar həm də qiymətlərin tənzimlənməsinə ciddi təsir göstərəcək”.

Nazir əlavə edib ki, hər mövsüm hotellərlə bağlı monitorinqlər aparılır: “Bu monitorinqlər konkret olaraq həm keyfiyyət, həm qiymət baxımından tam aydın mənzərəni bizə göstərəcək. Xidmətlərin keyfiyyətinin müvafiq qiymətə münasib olmasını təmin edə bilərik. Sözsüz ki, bu, bir-iki günün məsələsi deyil. Bu mövsümdə bizə tam mənzərə aydın olacaq və bütün təhlilləri aparıb, yaxın vaxtlarda qiymətlərin daha məntiqli olması barədə öz qərarımızı və tövsiyələrimizi verəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR