Regionlarda vergi daxilolmaları 14% artıb

Regionlarda vergi daxilolmaları 14% artıb
# 01 avqust 2018 08:34 (UTC +04:00)

Bu ilin ilk yarısında Azərbaycanda ümumilikdə 67 min, o cümlədən 58 min daimi iş yeri yaradılıb və onların təxminən 70%-i regionların payına düşüb.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu, bölgələrdə işgüzar mühitin göstəricisi olmaqla yanaşı, vergi daxilolmalarının artımına da öz mühüm təsirini göstərib. İlin ilk altı ayında ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 320,9 mln. manat vəsait daxil olub. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artıq deməkdir.

Birinci yarımillikdə dövlət büdcəsinə ödənilən vergilərin 242,1 mln. manatı və ya 75,4%-i qeyri-dövlət sektoruna aiddir. Dövlət sektorunun payı isə 24,6% (78,8 mln. manat) təşkil edib.

Vergi sistemində aparılan islahatlar ölkəmizdə sahibkarların gəlirlərinin və sayının artmasına, yeni istehsal, ticarət və xidmət sahələrinin yaradılmasına da təkan verir. İlin birinci yarısında regionlarda 6185 obyekt (təsərrüfat subyekti) qeydiyyata alınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5% artım deməkdir. Ərazi vergi orqanlarında yeni qeydiyyata alınmış və fəaliyyəti bərpa edilmiş təsərrüfat subyektlərinin sayının cəmi fəaliyyətini dayandırmış və ləğv olunmuş obyektlərin sayının cəmindən 5347 say çox olub.

2017-ci ilin müvafiq dövrü ilə müqayisədə regionlardan daxil olan vergi növlərinin, demək olar ki, bütün tədiyyələri üzrə əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Ümumiyyətlə, vergi daxilolmaları 39,1 mln. manat və ya 13,9%, o cümlədən əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 9,4 mln. manat və ya 10,9%, sadələşdirilmiş vergi üzrə 8,5 mln. manat və ya 25,9% artıb.

Yanvar-iyun aylarında regionlarda istehsal, ticarət, tikinti-infrastruktur, xidmət sahələrində aktivlik müşahidə edilir. Ticarət üzrə daxilolmaların artımı 19,7%, xidmət üzrə 23,7%, tikinti üzrə isə 16,4% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR