AMEA Geologiya və Geofizika İnstitutu illik hesabat verib

AMEA Geologiya və Geofizika İnstitutu illik hesabat verib
# 28 dekabr 2016 11:29 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsi və Geologiya və Geofizika İnstitutu (GGİ) Elmi Şurasının birgə iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda institutun 2016-cı ildəki elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı dinlənilib.

Yer Elmləri Bölməsinin rəhbəri, akademik Fəxrəddin Qədirovun sədrliyi ilə keçirilən tədbirdə institutun direktor müavini Dadaş Hüseynov bildirib ki, 2016-cı ildə GGİ-də 5 problem üzrə 14 mövzuda 25 elmi tədqiqat işi aparılıb. Ümumən 8 elmi tədqiqat işinin başa çatdırıldığını deyən D.Hüseynov qeyd edib ki, 6 qrant layihəsinin icrası tamamlanıb, 6 qrant layihəsi üzrə tədqiqatlar davam etdirilir: “İnstitutda 21 nəfər elmlər doktorluğu, 22 nəfər isə fəlsəfə doktorluğu üzrə təhsil alıb. Bu gün elmi müəssisədə 19 bakalavr və 12 magistrant çalışır. Hesabat ilində institut əməkdaşlarının 87 elmi əsəri dərc edilib. Bundan əlavə, alimlər xarici nəşrlərdə 38 elmi məqalə çap etdiriblər”.

D.Hüseynov vurğulayıb ki, bu gün institutda 435 nəfər işçidən 145-i elmi işçi, 25-i elmlər doktoru, 64-ü fəlsəfə doktorudur. Onun sözlərinə görə, institutda 30-49 yaş arası 22 elmi işçidən 11-i fəlsəfə doktorudur, elmlər doktoru isə yoxdur: “50-69 yaş arası 56 elmi işçidən 7-si elmlər doktoru, 21-i fəlsəfə doktorudur. Yaşı 70 və daha yuxarı olan işçilər üstünlük təşkil edir. Belə ki, yaşı 70 və daha yuxarı olan 67 elmi işçidən 18-i elmlər doktoru, 32-si isə fəlsəfə doktorudur. Bu da bizin qane etmir və problemli məsələdir. İşçilər arasında qadınlar üstünlük təşkil edir”.

Hesabata dair digər çıxışlar, sual və cavablar dinlənildikdən sonra institutun 2016-cı ildəki fəaliyyəti yüksək qiymətləndirilib və hesabat qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR