Lənkəranda “Ölümə qənşər” sənədli-bədii filminin təqdimatı olub

Lənkəranda “Ölümə qənşər” sənədli-bədii filminin təqdimatı olub
# 03 sentyabr 2015 19:44 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 3-də Lənkəran Şəhər İcra Hakimiyyətinin və "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın Milli Qəhrəmanları Mərifət Nəsibov, Rafiq Alıcanov və Şamoy Çobanovun həyat və döyüş yolundan bəhs edən «Ölümə qənşər» sənədli-bədii filminin təqdimatı olub. APA-nın cənub bürosunun məlumatına görə, “N” saylı hərbi hissənin əsgər və zabitlərinin, müharibə veteranlarının və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçən təqdimat mərasimi dövlət himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən "Vətəndaşların Sosial Rifahının Gücləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Venera Əsgərova "Ölümə qənşər” sənədli-bədii filminin Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Milli, mənəvi və əxlaqi dəyərlərin gənclər arasında təbliği və təşviqi” layihəsi çərçivəsində ərsəyə gəldiyini bildirib.

Daha sonra filmin nümayişi olub.

Sonda tədbir iştirakçıları filmin yaradıcı heyətinə təşəkkürlərini bildirərək, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında bu cür layihələrin əhəmiyyətindən danışıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR