Azerbaycandili.az saytının təqdimatı keçirilib

Azerbaycandili.az saytının təqdimatı keçirilib
# 23 yanvar 2018 12:46 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının - www.azerbaycandili.az saytının təqdimatı keçirilib.

APA-nın xəbərinə görə, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, sayt Azərbaycan prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının müvafiq müddəaları əsasında Dilçilik İnstitutu tərəfindən yaradılıb.

Akademik deyib ki, sayt texniki tərəfdən standartlara cavab verir: "Bu işin böyük praktik əhəmiyyəti var. Alimlər, sadə vətəndaşlar sayt vasitəsilə Azərbaycan dili, dilimizin qrammatikası və s. məsələlər barədə müfəssəl məlumat əldə edə bilərlər".

Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu saytın əhəmiyyəti haqda danışıb. O qeyd edib ki, sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir: "Azərbaycan Xalq Cümhuriyyəti dövründə, müstəqillik dövründə dövlət dili ilə bağlı qəbul edilmiş qərarlar, sərəncamlar saytda yer alıb. Gələcəkdə sayt daim yenilənəcək".

Saytda “Dil haqqında”, “Qanunlar”, “Azərbaycan dilçiləri” və “Dilçilik kitabxanası” bölmələri mövcuddur.

Azərbaycan dilinin izahlı lüğəti, habelə müxtəlif lüğətlər və ədəbiyyatların elektron variantları da saytda yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR