Nazirlik: Yeni qayda aşağı məbləğdə pensiya alanlar üçün effektiv olacaq

Nazirlik: Yeni qayda aşağı məbləğdə pensiya alanlar üçün effektiv olacaq
# 15 yanvar 2018 11:47 (UTC +04:00)

“Hər il olduğu kimi əmək pensiyalarının indeksləşdirilməsi ilə bağlı Azərbaycan prezidentinin sərəncam imzalayacağı gözlənilir”.

Bunu "APA-Economics"ə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib. Onun sözlərinə görə, həmin sərəncamla Dövlət Statistika Komitəsinin 2017-ci il üçün ölkə üzrə orta aylıq nominal əməkhaqqının artımı barədə təqdim edəcəyi məlumat əsasında əmək pensiyalarının cari il yanvarın 1-dən həmin göstəriciyə uyğun artırılması həyata keçiriləcək.

“Məlumat üçün bildirək ki, indeksləşdirmə ötən illərdən fərqli olaraq yeni mexanizmlə həyata keçiriləcək. Belə ki, “Əmək pensiyaları haqqında” qanuna edilmiş və 2017-ci il iyulun 1-dən tətbiqinə başlanılan dəyişikliklərə əsasən əmək pensiyalarında “baza hissəsi” və “sığorta hissəsi” anlayışları aradan qalxıb. Ona görə də əvvəlki illərdən fərqli olaraq, əmək pensiyalarının yalnız sığorta hissəsinin deyil, artıq bütün məbləğinin ölkə üzrə əmək haqlarının əvvəlki ilin artım faizinə uyğun indeksləşdirilərək artırılması təmin olunacaq. Bu dəyişiklik ilk növbədə pensiyasının məbləği aşağı olanlar üçün xüsusilə məqsədəuyğundur. Məsələn, 200 manat pensiya məbləği əvvəllər 110 manat baza hissəsindən və 90 manat sığorta hissəsindən ibarət idi və indeksasiya yalnız sığorta hissəsinə tətbiq olunurdu, deməli, 12,9 faizlik inflyasiyaya görə artım cəmi 11,61 manat (200-110)x12,9%) etməli idi. Yeni qaydalara görə isə bütün məbləğə (yəni 200 manata) orta aylıq əmək haqqının artım sürəti yəni 6,4%-lik artım tətbiq olunur və nəticədə pensiya 200x 6,4%=12,8 manat artır. Göründüyü kimi, hətta inflyasiyanın tempinin orta aylıq əmək haqqının artım tempindən 2 dəfə çox olduğu şəraitdə belə yeni qayda aşağı məbləğdə (215 manatdan az) pensiya alanlar üçün effektivdir”, - deyə E.Babayev əlavə edib.

Qurum rəsmisi əlavə edib ki, fevral ayında pensiyaların yanvar və fevral aylarındakı artımlarla birlikdə ödənilməsinin nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR