Əli Əhmədov: "Ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir"

Əli Əhmədov: "Ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir"
# 30 noyabr 2017 09:09 (UTC +04:00)

"Məşğulluğun təmin edilməsi birinci prioritetdir, bu istiqamətdə addımlar atılmaqdadır. Sahibkarlığın inkişafı, özünüməşğulluq proqramı bu istiqamətlərdən biridir".

APA-nın məlumatına görə, bunu bu gün baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nın icrası ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

Ə. Əhmədov deyib ki, qeyri-rəsmi məşğulluğun aradan qaldırılması da əsas istiqamətlərdən biridir : "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı"nda qanunvericilikdə olan boşluqların aradan qaldırılmasının vacibliyi əksini tapıb. Qanunvericilikdəki boşluqlar aradan qaldırılmalıdır ki, qeyri-rəsmi məşğulluq mümkün olmasın. Bu gün qanunvericilikdə boşluqlar səbəbindən müəyyən sahibkarlar əmək müqaviləsi bağlamırlar. Onu da deyim ki, insanları qeyri-rəsmi məşğulluğa cəlb etməsi ilə bərabər sahibkarlar 1000 manat və daha çox cərimələnirlər. Əgər bu cərimələr öz nəticəsini verməsə, işçilər yenə əmək müqaviləsi olmadan çalışırlarsa, sahibkarlar 3 il azadlıqdan məhrum edilirlər. Bir çox ölkələrdə, o cümlədən bir sıra Avropa ölkələrində bizim ölkədə tətbiq olunan cərimə və sanksiyalardan daha sərt cərimə və sanksiyalar nəzərdə tutulur. Ola bilər ki, cərimələrin tətbiqi ilə bağlı hüquqi aktlarda dəyişikliklərə ehtiyac yaranacaq. Uçotu aparmaq üçün normativ bazanın yaradılması nəzərdə tutulur. Tədbirlər Planında təbliğat, monitorinq tədbirləri də nəzərdə tutulur. Tədbirlər Planında yoxlamalar da nəzərdə tutulub, ancaq 2021-ci ilə qədər qanunvericiliklə yoxlamalar məhdudlaşdırılıb. Ancaq biz səmərəli üsul və vasitələrlə yoxlamalar həyata keçirmədən də qeyri-rəsmi məşğulluğun daha effektiv aradan qaldırılmasına çalışacağıq. Bu sahədə bir sıra ölkələrin təcrübəsi öyrənilir".

Baş nazirin müavini qeyd edib ki, cəmiyyətdə tikinti sahəsində qeyri-rəsmi məşğulluğun geniş yayıldığı təəssüratı var: "Amma apardığımız monitorinqlər göstərir ki, ticarət və xidmət sahələrində qeyri-rəsmi məşğulluğa daha çox rast gəlinir. Məsələn, sahibkar 1000 kvadratmetr ticarət sahəsi üçün yer götürübsə, 5 nəfərlə işləməsi iqtisadi baxımdan effektiv deyil, deməli, burada başqa məqamlar var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR