Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib

Berlində Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş sərgi keçirilib
# 26 fevral 2017 11:51 (UTC +04:00)

Fevralın 25-də Berlinin “Galerie Schultz” adlı məşhur sərgi qalereyasında Xocalı soyqırımının qurbanlarına həsr olunmuş sərgi keçirilib. Sərgi Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Berlin nümayəndəliyi tərəfindən təşkil olunub.

Cəmiyyətdən APA-ya verilən xəbərə görə, sərgidə tanınmış Azərbaycan rəssamı Əşrəf Heybətovun Xocalı soyqırımına aid sonuncu əsərləri nümayiş etdirilib. 1981-ci ildən peşəkar fəaliyyətdə olan bu rəssamın əl işləri NATO-nun Brüsseldəki, BMT-nin isə Cenevrədəki qərargahında, eləcə də Vatikanda sərgilənib. O, beynəlxalq anlaşmanın möhkəmlənməsi üçün öz sənətindən yararlanaraq əsərlərində azərbaycanlı ruhunu əks etdirməklə məşhurdur.

Sərgidə bildirilib ki, bu soyqırım 25 il əvvəl - 26 fevral 1992-ci tarixində baş verib. BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə məhəl qoymayan Ermənistan hazırda Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu, yəni Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlamaqda davam edir. Azərbaycan bir milyona yaxın əhalisi isə düşərgələrdə qaçqın və məcburi köçkün həyatını yaşamağa məhkum olunub.

Sərginin açılışında 300-dən artıq qonaq, həmçinin Azərbaycanın Almaniyadakı Ramin Həsənov, bu ölkənin tanınmış ictimai-siyasi xadimləri, Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sədri Tale Heydərov çıxışında bildirib ki, bu tədbir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya Ədalət!" beynəlxalq kampaniyası çərçivəsində keçirilir: “2008-ci ildən etibarən keçirilən bu kampaniya regionda ədalətin bərqərar edilməsi yolunda apardığı işlərdə böyük beynəlxalq dəstək qazanıb. İndiyədək bu kampaniya Avropa, Amerika, Asiya və Afrikadakı 100-dən artıq ölkədə tədbirlər təşkil edib. Avropa Azərbaycan Cəmiyyəti öz tədbirlərini Afina, Bern, Brüssel, London, Lüksemburq, Paris, Praqa, Sofiya və Vilnüs şəhərlərində keçirməkdədir. Bugünkü tədbirimiz isə Berlində təşkil olunub. Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov, professor Heintze və sənəti ilə bizi bir araya gətirən Əşrəf Heybətov cənablarını sizin kimi dəyərli qonaqlarla bir yerdə görmək və salamlamaq mənim üçün çox xoşdur. Əşrəf Heybətov kimi böyük rəssamın beynəlxalq səviyyəli qalereyaçı cənab Şultzla apardığı işbirliyi 25 il əvvəl baş vermiş Xocalı soyqırımına və ata-baba yurduna dönmək arzusu ilə yaşayan qaçqın və məcburi köçkünlərin talelərinə bir daha işıq saldı”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR