Füzulidə məcburi köçkün qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulub

Füzulidə məcburi köçkün qəsəbələrini birləşdirən avtomobil yolu yenidən qurulub
# 12 noyabr 2016 10:23 (UTC +04:00)

Dövlət başçısı İlham Əliyev Füzuli rayonundakı 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidənqurma və bərpadan sonrakı vəziyyəti ilə tanış olub.

APA-nın xəbərinə görə, “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov bildirib ki, üçüncü və dördüncü texniki dərəcəyə uyğun olaraq layihələndirilən bu avtomobil yolunun birinci hissəsinin uzunluğu 20,5 kilometrdir və Qayıdış-Yeni Yurd arasındakı məsafəni əhatə edir. İkinci hissə Yeni Yurd-Xocavənd arasındakı məsafəni əhatə edir və uzunluğu 2,5 kilometrdir.

Qeyd edilib ki, inşaat işləri zamanı yol boyunca müxtəlif diametrli 21 suötürücü boru tikilib. Yuxarı Mil kanalı üzərində uzunluğu 18 metr, eni 12 metr olan qəzalı vəziyyətdəki körpü əsaslı təmir edilib. Yol boyunca 144 müxtəlif yol nişanı və 38 göstərici lövhə quraşdırılıb.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.

Qeyd edək ki, Füzuli rayonunun 12 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini, o cümlədən 1-ci və 11-ci Qayıdış qəsəbələrini birləşdirən 23 kilometrlik avtomobil yolunun tikintisi dövlət başçısının 2014-cü ildə imzaladığı sərəncama əsasən həyata keçirilib. Prezident İlham Əliyevin bu il imzaladığı Sərəncama uyğun olaraq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun tikintisinin başa çatdırılması “Azəravtoyol” ASC-yə həvalə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR