"Azərbaycan arxeologiyasının əsasları" kitabı çap olunub

"Azərbaycan arxeologiyasının əsasları" kitabı çap olunub
# 30 iyul 2018 13:28 (UTC +04:00)

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini, tarix elmləri doktoru, arxeoloq Qafar Cəbiyevin “Azərbaycan arxeologiyasının əsasları” adlı iri həcmli dərs vəsaiti çap olunub.

Müəllifin APA-ya verdiyi məlumata görə, “Azərbaycan arxeologiyasının əsasları” kitabı 14 bölmədən ibarətdir.

I bölmədə Azərbaycan arxeologiyasının təşəkkül və inkişafı, II bölmədə Azərbaycanın Paleolit-qədim daş dövrü, III bölmədə Mezolit-orta daş dövrü, IV bölmədə Neolit-yeni daş dövrü, V bölmədə Eneolit-Mis daş dövrü, VI bölmədə Tunc dövrü, VII bölmədə isə Dəmir dövrü abidələri barəsində təfsilatı ilə bəhs edilib.

Kitabın VIII bölməsində qədim Azərbaycan dövləti olan Atropatenanın maddi mədəniyyətindən bəhs olunur.

Arxeologiyaya dair nəşr olunan dərslik və dərs vəsaitlərində Atropatenanın tarixinə ilk dəfədir ki, belə nisbətən əhatəli şəkildə toxunulub. Kitabın IX-XII bölmələrində qədim Azərbaycan dövləti olan Albaniyanın maddi mədəniyyətindən bəhs olunur.

Dərs vəsaitində Azərbaycanın görkəmli arxeoloqları barədə xüsusi bölmə var.

Kitabın “Arxeoloji abidələr və tapıntılar foto və rəsmlərdə” adlanan sonuncu bölməsinə daxil edilən 164 tabloda arxeoloji tədqiqatları və aşkar olunan nadir maddi mədəniyyət nümunələrini əyani şəkildə özündə əks etdirən 1000-dən çox foto və rəsm verilib.

Q. Cəbiyev qeyd edib ki, dərs vəsaiti arxeologiya ixtisası seçmiş doktorant və dissertantlar, ali məktəblərin bakalavr və magistr pilləsində tarix ixtisası üzrə təhsil alan tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Elmi Şurasının və ADPU-nun Tədris Metodika Şurasının qərarları əsasında nəşr olunmuş kitabın redaktoru AMEA-nın müxbir üzvü Vəli Əliyevdir. Vəsait "Elm və təhsil” nəşriyyatında çap edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR