DGK sədri kolumbiyalı həmkarı ilə görüşüb

DGK sədri kolumbiyalı həmkarı ilə görüşüb
# 03 noyabr 2017 14:16 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kolumbiyaya səfəri zamanı bu ölkənin Gömrük Xidmətinin direktoru Klaudia Mariya Qaviriya ilə görüşüb.


DGK Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, xanım Qaviriya iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. İkitərəfli münasibətlərin gömrük işinin təşkili sahəsində də inkişaf etdiyini söyləyən direktor əlaqələrin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib, bunun üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib.

A. Əliyev Kolumbiyanın paytaxtı Boqota şəhərinin hava limanına ziyarəti zamanı burada gömrük işinin təşkili sahəsində görülən işlərlə bağlı təəssüratlarını bölüşüb. Komitə sədri həmçinin Azərbaycanda prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkə iqtisadiyyatının bütün sahələrində, eləcə də gömrük işində əldə edilən nailiyyətlərdən bəhs edib. A. Əliyev Azərbaycan və Kolumbiya arasında iqtisadi-ticari əlaqələrdən, investisiya qoyuluşundan da söhbət açıb, bu münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin xüsusi yeri olduğunu vurğulayıb və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini söyləyib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən, qaçaqmalçılıq halları və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, ticarətin asanlaşdırılması, iki ölkə arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişin hazırlanması və imzalanmasına dair fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, A. Əliyev Kolumbiyanın informasiya və kommunikasiya texnologiyaları naziri David Luna ilə görüşüb.

Görüşdə iki ölkə arasındakı mövcud əlaqələrdən, qarşılıqlı münasibətlərin inkişaf perspektivlərindən bəhs edilib.

D. Luna Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluq duyduğunu, bu səfərin iki ölkə arasındakı münasibətlərin daha da inkişafına şərait yaradacağına ümidvar olduğunu bildirib.

A. Əliyev Azərbaycanda son illər əldə edilən iqtisadi uğurlardan bəhs edərək bildirib ki, prezident İlham Əliyevin həyata keçirdiyi davamlı iqtisadi inkişaf strategiyası hesabına ölkəmiz regionda və dünyada stabil, tərəqqipərvər məkan kimi tanınıb. Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar barədə məlumat verən Komitə sədri, müxtəlif sahələrdə, o cümlədən gömrük xidmətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi nəticəsində əldə edilən nailiyyətlərdən danışıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib, eyni zamanda, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində təcrübə mübadiləsinin tərəflər üçün faydalı olacağına əminlik ifadə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR