Türkiyəli ekspert: ”Atəşkəs qərarı Suriyanın və bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir” - MÜSAHİBƏ

Türkiyəli ekspert: ”Atəşkəs qərarı Suriyanın və bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət kəsb edir” - <span style="color: red;">MÜSAHİBƏ
# 30 dekabr 2016 08:50 (UTC +04:00)

Orta Şərq və təhlükəsizlik məsələləri üzrə ekspert, “Habertürk” telekanalının şərhçisi Nevzat Çiçəkin APA-ya müsahibəsi

- Rusiya, Türkiyə və İranın razılaşması əsasında Suriyada atəşkəs sazişinin imzalanması bölgədəki savaşın tamamilə bitməsinə səbəb olacaqmı?

- Rusiya, Türkiyə və İranın razılığıyla əldə edilmiş saziş istər Suriyanın, istərsə də bölgənin gələcəyi baxımından çox böyük əhəmiyyət kəsb edir. Proseslərin eyni şəkildə davam etməsi mümkün deyildi. Türkiyə daha əvvəlki atəşkəs qərarlarını da dəstəkləmişdi. Burada önəmli olan başqa nöqtə - ABŞ-ın bu atəşkəsə verəcəyi reaksiyadır. Bu saata qədər atəşkəs barədə hər hansı açıqlama verildiyini eşitmədik, səssiz qalmağı tərcih edirlər. Atəşkəs barədə əldə edilən razılıq bölgədə heç bir problemin Türkiyəsiz həll edilə bilməyəcəyini göstərib.

- Prezident Ərdoğan və prezident Putinin 9 avqustda Sankt-Peterburqda keçirilən görüşündən 2 həftə sonra Türkiyə sərhədin o tərəfinə keçərək başda Cerablus olmaqla, bir neçə yaşayış məntəqəsini azad etdi. “Fərat qalxanı” adı verilən əməliyyat nəticəsində Türkiyə istədiyini əldə etdimi? O vaxta qədər Türkiyənin əsas istəyi terrör təşkilatı kimi gördüyü PYD/YPG-nin Fərat çayının şərq sahilinə çəkilməsiydi.

- “Fərat qalxanı” əməliyyatı çərçivəsində Türkiyə Əl-Baba qədər gedib. Oranı terror qruplarından azad etməyə az qalmışdı ki, atəşkəs elan edildi. Türkiyənin sərhədin o tərəfinə keçməsi nəticəsində PYD/YPG qüvvələri oradakı mövqeləri tərk edərək gəldikləri yerlərə çəkilməklə birlikdə, Əl-Baba da yerləşdilər. Türkiyə öz istəyinin önəmli qisminə nail olsa da, DAEŞ, “Nusra” və digər terrorçu qruplar kimi, PYD/YPG-nin də bölgədən tamamilə təmizlənməsinə çalışmağa davam edəcək. Afrin xətti Türkiyə üçün çox önəmlidir. Türkiyə sərhədin o tərəfindəki qırmızı xətlərinin heç birinin tapdanmasına icazə verməyəcək.

- 20 dekabrda Moskvada Lavrov-Çavuşoğlu-Zərif tərəfindən imzalanan razılaşma mətnində Suriyada “Türkiyənin nəzarətində olan qrupların da müzakirə masasına çağırılması” qeyd edilib. Kimlər nəzərdə tutulur?

- Azad Suriya Ordusu nəzərdə tutulur. Çünki Türkiyə oradakı proseslərdə Azad Suriya Ordusunun işin içində olmasını dəstəkləyib və sərhədin o tərəfinə Azad Suriya Ordusu ilə birlikdə keçib. Suriyadakı terrorçu qrupları siyasi proseslərdən kənarlaşdıraraq ölkədə konsensus əldə edilməsi Türkiyənin həmişə əsas hədəfi olub. Gəldiyimiz nöqtədə Türkiyənin önəmli hədəflərindən biri də sərhədin o tərəfində təhlükəsiz bölgə yaradılmasıdır ki, qaçqınların hamısı oraya yerləşdirilsin. Proseslərdə sıxıntı doğuran əsas məsələlərdən biri ABŞ-ın Afrində hərbi aerodrom və baza inşa etməsidir. Türkiyənin Suriyadakı varlığı eyni zamanda NATO-nun məsələsidir. Ona görə də, Türkiyə hərbi, siyasi və diplomatik baxımlardan çox həssas və sərrast addımlar atmalıdır və atacaq.

- Rusiya müdafiə naziri Şoyqunun 22 dekabrda prezident Putinə təqdim etdiyi Suriya raportunda İran barədə konkret məqamlar var. Məsələn, bundan sonrakı dönəmdə Suriyada xüsusi təyinatlı qüvvələrə təlim verilməsi, hərbi planlaşdırmalarda zabitlərinin iştirak etməsi, Həmədan aerodromunun daha da genişləndirilməsi İrandan tələb edilir. Türkiyədən konkret tələblər olub-olmamasına dair məlumatınız varmı?

- Türkiyə koalisiya qüvvələrinin tərkibində DAEŞ-ə qarşı hava əməliyyatlarına dəstək vermiş ölkədir. Bu barədə koalisiya qüvvələri də, Rusiya da daima razılıq edib. Təkrar edirəm: Türkiyənin orada olması, eyni zamanda NATO-nun məsələsidir. Bundan sonrakı mərhələdə siyasi proseslər ön plana çıxsa da, DAEŞ, “Nusra”, PYD/YPG və başqa terror təşkilatlarına qarşı mübarizənin daha da güclənəcəyi hamıya məlumdur. Hazırkı mərhələdə Türkiyə ilə Rusiyanın konkret olaraq hansı sahələrdə sıx əməkdaşlıq üzərində anlaşdıqlarını bilmirik. Əldə edilən razılıq çərçivəsində Türkiyənin İranla da bəzi məsələləri həll etməsi lazım gələcək. Suriya ilə bağlı indiyə qədər ən geniş əhatəli atəşkəs sazişi bu gün elan edilib, bir çox məsələnin konkretləşməsini görmək və pərdə arxasını öyrənmək üçün müəyyən müddət gözləmək lazım gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR