“Junior Eurovision”u işıqlandırmaq üçün 100 jurnalist akkreditədən keçib - FOTOSESSİYA

“Junior Eurovision”u işıqlandırmaq üçün 100 jurnalist akkreditədən keçib   - <span style="color: red;">FOTOSESSİYA
# 29 noyabr 2012 11:27 (UTC +04:00)

Amsterdam. Ülkər Rəşidqızı - APA. Niderlandın paytaxtı Amsterdamda X “Junior Eurovision” mahnı müsabiqəsi keçirilir.

APA-nın Amsterdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, müsabiqənin keçirildiyi şəhərdə heç bir banner və ya “Heineken Music Hall”un qarşısında hər hansısa bir məlumat yerləşdirilməyib. Ümumiyyətlə, hava limanından tutmuş mərkəzə kimi paytaxt əhli bu müsabiqənin keçirilməsindən xəbərsizdir.

“Junior Eurovision”un Avropa Yayımları Birliyinin (EBU) layihəsi olduğunu nəzərə alsaq, bu müsabiqəyə ciddi hazırlıq, təşkilatçılıq nəzərimizə çarpmır. Müsabiqəni işıqlandırmaq üçün arenada hazırlanmış “Eurovision Song Contest”dən daha fərqli, kiçik ölçülü, daha az tutumlu mətbuat konfransı zalı, eyni zamanda cəmi dörd gün fəaliyyət göstərəcək mətbuat mərkəzi istifadəyə verilib. Azərbaycan bu müsabiqədə ilk dəfə təmsil olunmasını nəzərə alaraq, APA bu müsabiqəni yerindəcə izləmək, “Eurovision Song Contest”lə bərabər “Junior Eurovision”u da işıqlandırmaq qərarına gəlib.

Müsabiqənin məhz azyaşlı istedadlar arasında keçirilməsini, o cümlədən daha az iştirakçı ölkənin qatıldığı bu müsabiqəni işıqlandırmaq həvəsində olan cəmi 100 jurnalist akkreditədən keçib. “Eurovision” mahnı müsabiqəsinin mətbuat katibi Yarmo Siim APA-ya açıqlamasında bildirib ki, onların 50-si artıq Amsterdamdadır: “Onların hamısını final şousuna kimi gözləyirik. Ötən ilə nisbətən bu il müsabiqəni işıqlandıran jurnalist sayı daha çoxdur. Həm də bu, ev sahibliyi edən ölkədən irəli gəlir. Amsterdama maraq ötən il bu müsabiqəyə ev sahibliyi edən Ermənistandan daha yüksəkdir və o səbəbdən bu il jurnalist sayında artım var. İstər böyük, istərsə uşaq “Eurovision”u keçirildiyi ölkənin iqtisadiyyatına və turizminə müsbət təsir göstərir”.

“Junior Eurovision”un “Eurovision Song Contest”dən daha fərqli ab-havada, zəif təşkilatçılıq, eyni zamanda şəhərin heç bir yerində bu tədbirin keçirilməsi ilə bağlı məlumatın yerləşdirilməməsinə gəlincə, Y.Siim bunları deyib: “Böyüklər arasında keçirilən “Eurovision Song Contest”lə “Junior Eurovision” tamamilə fərqlənir. Amsterdam elə bir şəhərdir ki, burada eyni tarixlərdə müxtəlif əlamətdar tədbirlər keçirilir. Bu səbəbdən hər birini yetəri qədər təbliğ etmək mümkün deyil. Amma dekabrın 1-də tamaşaçılar olduqca maraqlı televiziya şousunun şahidi olacaqlar. Biz buna var-qüvvəmizlə çalışırıq”.

Azərbaycanın “Junior Eurovision”da ilk dəfə təmsilçiliyini qeyd edən Y.Siim ölkəmizin yenə də ən önəmli rəqiblərdən olduğunu vurğulayıb: “Azərbaycan ilk dəfədir bu yarışmada iştirak edir. Lakin “Eurovision Song Contest” kimi, bu yarışmaya da ilk dəfədən ciddi hazırlaşıb. Azərbaycan hər zaman iştirak edən ölkələr arasında güclü rəqiblərdən və qalib gələ biləcək əsas ölkələr sırasında olur”. Y.Siim onu da əlavə edib ki, bu müsabiqədə iştirak edənlər uşaqlardır və onlardan qeyri-adi peşəkarlıq gözləməyə ehtiyac yoxdur: “Əsas məqsəd insanlara sevinc bəxş etmək, onlara xoş anlar yaşatmaqdan ibarətdir. Burada iştirak edən uşaqlara dinləyicilərin marağı daha çox önəmlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR